Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

27 Yanvar 2021 09:37 (UTC+04:00)

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
 Son illərdə Azərbaycan və Türkmənistan arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu günün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gün olduğunu bildirib.O həmçinin Azərbaycan və Türkmənistan tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəldiyini deyib.
 Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir. 
Söhbət zamanı dost, qardaş, qonşu dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı, bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti qeyd edildi.
 Dövlətimizin başçısı deyib: “Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”. 
Azərbaycan Prezidenti çıxışında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunaraq qeyd edib ki, beynəlxalq strukturlarda da bir-birini fəal dəstəkləyir. “Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Abdullayeva Jalə.
Nəsimi rayon gənci.