Fransa: “İl-dö-Fğans” bölgəsi uğrunda gərgin mübarizə başlayıb

27 Yanvar 2021 10:51 (UTC+04:00)

 

Fransanın birinci regionu “İl-dö-Fğans”ın hazırkı prezidenti Valeği Pekğesin səlahiyyətləri yayda başa çatır. Buna görə də keçiriləcək növbəti seçkidə qalib gəlmək üçün siyasi partiyalar hərəkətə keçib. Çünki, həmişə olduğu kimi 2022-ci il prezident seçkilərində bu bölgənin rolu böyük olacaq. Necə deyərlər, əksər ölkələrdə seçkilər zamanı həlledici rol oynayan regionlar olduğu kimi Fransada da seçkilərin “ruhu”nu müəyyənləşdirən bölgə İl-dö-Fğansdır.

Hakim partiyanın nümayəndəsi olan V.Pekğesin səlahiyyətləri bir neçə aydan sonra başa çatsa da, o, yerini kiməsə təhvil vermək fikrindən uzaqdır. Buna görə də əlində olan vəzifə səlahiyyətlərindən istifadə edərək öz imicini yüksəltmək fikrindədir. Belə ki, o, liseylərin təmiri üçün büdcədən 900 milyon avro ayrılmasına nail olub. Lakin onun bu tryukunu əhali arasında tirajlamağa macal tapmamış digər partiyalar dərhal hərəkətə keçib. Daha cəld tərpənən sosialistlərin nümayəndəsi Odğe Pulvağ özünü sosialistlərin və onlarla həmrəy olan siyasi təşkilatların namizədi kimi yanvarın 26-da cəmiyyətə təqdim edib.

Düzdür, pandemiyanın tüğyan etdiyi zaman ola bilər ki, iyunda keçirilməsi nəzərdə tutulan regional seçkilər təxirə salınsın. Ancaq, bu, hələ ki ehtimaldır. Buna görə də hazırlıq tam sürətlə gedir. Fransa Senatı “20 iyundan gec olmayaraq” seçkilərin təxirə salınmasına razılığını indidən bildirib. Lakin 2022-ci il prezident seçkilərinin əsas mərhələsi sayılan bu seçkilərin mütləq keçirilməsi labüddür.

Hazırkı ictimai rəy sorğusuna görə Valeği Pekğesin ilk turda seçilmə imkanı genişdir. 2020-ci ilin dekabrında keçirilmiş sorğuya görə keçmiş prezident Nikola Sağkozi respondentlərin 30 faizinin səsini toplayıb. Onun arxasınca dörd əsas rəqibi bərabər səviyyədə gəlir: “İrəli Respublika”nın namizədi 16 faiz, Yaşıllar partiyasının nümayəndəsi 15, sosialistlərin nümayəndəsi 14 və “Milli ralli”nin namizədi 14 faiz səs toplayıb.  

Namizədlərin bu cür düzülüşü ola bilər ki, seçkini ikinci tura qədər uzatsın. Belə olan halda Valeği Pekğesin işi çətinə düşəcək. Buna görə də o, yanvarın 26-da bölgədəki liseylərin təmiri üçün 900 milyon avronun ayrıldığını elan edib. Bunu onunla əsaslandırıb ki, 2027-ci ilə qədər əhali artımına görə əlavə 9000 tələbə yerinə ehtiyac yaranacaq. Buna görə də liseylərdə yerlərin sayını artırmaq vacibdir: “Biz 17 il ərzində düzgün investisiya siyasəti aparılmadığına görə, ağrılı vəziyyətə düşmüş təhsili 12 il ərzində düəzəldəcəyik” –deyə, o sosialistlərə hücum edib. Çünki, ona qədər regionun prezidenti sosialistlərdən olub. Pekğes, bölgədə Wi-Fi əleyhinə çıxış edən ətraf mühiti qoruyanları – “yaşılları” da yamanlayıb. Onun bu təbliğati addımına sosialistlərin namizədi Odğe Pulvağ  demarşla cavab verib: əgər seçilsə, ictimai nəqliyyatın pulsuz olacağını indidən vəd edib. “Lö Pariziyen” jurnalının əməkdaşının dediyinə görə, Odğe Pulvağ Valeği Pekresi “köhnə dünyanın” nümayəndəsi sayır və onun təsirindən qurtulmaq üçün regionda pulsuz gedişi təmin etməklə bütün yardımları 18-25 yaşlı gənclərin həyatına yönəltməyi təklif edir. Lakin onun “ictimai nəqliyyatı pulsuz etmək” çağırışı sağların və yaşılların ciddi tənqidinə məruz qalıb.

N.NOVRUZ