Vəzifə yüksək etimad və əmanətdir, hesab edirəm ki...- Deputat

31 Yanvar 2021 19:11 (UTC+04:00)

Bu gün  “Qonağımız var” layihəsinin suallarını millət vəkili Ceyhun Məmmədov cavablandıracaq. Ceyhun müəllim işgüzarlığına görə ilk beşliyə daxil olan deputatlardandır. Çalışdım onunla müsahibədə monoton suallardan qaçam. Oxuyun, rəyləriniz mənimçün maraqlıdır

- Ceyhun müəllim, uzun illər ərəb ölkələrində işləmisiniz, hazırda da mütəmadi ərəb kiv-lərinə müsahibələrinizi, açıqlamalarınızı izləyirik. Ərəbləri bizdən fərqləndirən əsas hansı cəhətləridir? Onlarla işləyəndə, informasiya mübadiləsi edəndə hansı nüanslar nəzərə alınmalıdır?
- Vətən müharibəsi dövründə davamlı olaraq TRT-Arapça, CBC, Al Jazeera, RT Arabic, Vatan və digər ərəbdilli telekanallara müsahibələr verərək Azərbaycan həqiqətlərini ərəb dünyasına çatdırmaq və erməni təbliğatını ifşa etməyə çalışdıq. Azərbaycanın tarixi həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsini, Xocalı faciəsini, münaqişə nəticəsində ölkəmizə vurulan zərəri, işğal olunmuş ərazilərdə törədilən vandalizmi, habelə dini və tarixi abidələrimizin, məzarlıqların yerlə-yeksan edilməsi haqqında həqiqətlərin və faktların beynəlxalq ictimaiyyətə çatdırılması əsas məqsədlərimizdən idi və biz buna qismən nail olduq.
Onu qeyd edim ki, bədxah qonşularımız hələ müharibədən əvvəl ərəb dövlətləri və ərəbdilli televiziyalarla sıx əməkdaşlıq qurmağa çalışırdı və buna müəyyən mənada nail olmuşdu. Bəzi ərəbdilli Qərb kanallarının bir sıra hallarda erməni yalanlarına uyması, cəbhə bölgəsində baş verənləri təhrif etməsi bu fikri bir daha təsdiq edirdi. Biz isə çalışırdıq ki, bu yalanları ifşa edək. Bir sıra hallarda bu müsahibələrdə iki nəfər erməni və Azərbaycandan mən olurdum, bəzən canlı yayımda ciddi mübahisələrimiz olurdu. Bəzi Qərb kanalları istədikləri yanlış məlumatları ala bilmədikdə ikinci dəfə müsahibədən yayınırdılar. Ancaq bütün bunlara baxmayaraq haqq səsimizi dünyaya çatdıra bilirdik. Paralel olaraq ərəbdilli saytlara da Qarabağ həqiqətləri, erməni vəhşilikləri barədə müsahibələr verirdik. Bu müsahibələr bəzən bir neçə saytda yayımlanırdı, 10 minlərlə oxucu kütləsi oxuyurdu bu yazıları.
- KİV-lərə açıqlamalar, çəkilişlər, elmi işlər, MM, publisist yazılar, qəbullar, müntəzəm sosial şəbəkələrdə iştirak... Bunları necə çatdırırsınız? Ən çox hansı sahə vaxtınızı alır?
- Gün ərzində orta hesabla 15 saat çalışırıq. Bəzən daha çox işləyirik. Bilirsiniz ki, həmin dövr pandemiya dövrünə təsadüf edirdi. Əsasən evdən işləyirdik. Tezdən saat 7-də evdəki kabinetdə işə başlayır, bəzən bu iş rejimi gecə yarısına kimi çəkirdi. Burada bir neçə istiqamətdə iş gedirdi. Ərəbdilli kanallarla yanaşı yerli kanallara da müsahibələr verir, müxtəlif yazılarla çıxış edirdik.
Əhali ilə onlayn görüşləri təşkil edilərək problemləri ilə maraqlanmaq, bizə ünvanlanan müraciətlərə baxılması, şəhid ailələrinə və qazilərimizə davamlı diqqət göstərmək istiqamətində də fəaliyyətimiz davam edirdi. Bunlarla yanaşı, doktorluq işinin yazılması, yeni elmi məqalələr üzərində işlənilməsi kimi məsələlərlə də məşğul olurdum. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrə onlayn dərslərə davsam edirdik. Bəzən çətin olsa da, iş rejimimiz belədir.
- Cəbrayıl kəlməsi Ceyhun müəllim üçün nə kəsb edir? Vətən Müharibəsi başlamazdan öncə də Cəbrayılın tarixi, tarixi abidələri mövzusunda publisist, araşdırma, tarixi yazılarınızı oxuyurduq. Yazarkən 6-cı hissiniz Sizə nə söyləyirdi? İnanırdınızmı haqqında yazdığınız Xudafərin hamımız üçüb tezliklə əlçatan olacaq?
- Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə zəngin olan bir ölkədir. Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar. Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr də tariximizin daş yaddaşıdır. Cəbrayılın tarixi, tarixi abidələri mövzusunda publisist, araşdırma, tarixi yazılar yazıb paylaşmaqla izləyicilərimizi Azərbaycanın qədim tarixi-mədəniyyət abidələri və çoxəsrlik tarixi ilə bağlı məlumatlandırdığımızı düşünürəm.
Biz Azərbaycan Respublikasının ərazi bütovlüyünün bərpa olunacağına dair inamımızı heç vaxt itirmədik. Ulu Öndərimizin ideyalarının Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsi, ölkəmizin mədəniyyətin, təhsilin, iqtisadiyyatın və digər sahələrin inkişafı, həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına dair inam yaratmışdı və biz buna nail olduq.
Yəqin ki, Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Xudafərin körpüləri ilə də bağlı bir neçə dəfə paylaşım etdiyimizi xatırlayırsınız. Seçki vaxtı əhali ilə bölgələrdə görüşlərdə ən çox verilən suallardan biri “Nə vaxt Cəbrayıla qayıdırıq?” idi. Deyirdim bu il qayıdacağıq. İçimdəki səs bunu mənə deyirdi və elə də oldu.
- Seçiciləri ilə ən sıx təmasda olan deputatlardansınız. Çox az deputat risk edib seçildiyi az müddət ərzində sosial şəbəkə üzərindən seçiciləri ilə canlı, hamıya açıq ünsiyyət qurar, Siz bunu etdiniz. Bu, Cəbrayıl əhalisinə doğmalığın təzahürü idimi? Başqa rayondan millət vəkili seçilsəydiz, sizcə belə olardı yenə hər şey?
- Vəzifə yüksək etimad və əmanətdir. Hesab edirəm ki, insan hansı vəzifədə olmasından asılı olmayaraq öz işini vicdanla və ləyaqətlə yerinə yetirməli, əmanətə xəyanət etməməlidir. Başqa rayondan millət vəkili seçilmiş olduğum halda da hər şey eyni qaydada olardı. Çünki hansı bölgədə məskunlaşmasından asılı olmayaraq hər biri bizim vətəndaşlarımızdır, bizim üçün doğmadır.
Bəzən axşam gec saatlarında da yazan, əlaqə saxlayan olur, hamısını qeydiyyata alıb cavab veririk. Onu da deyim ki, digər bölgələrdən də müraciət çox olur, bəzən imkanımız daxilində olanda kömək edirik, bir sıra hallarda isə öz deputatlarına yönləndiririk.
- Nəhayət, ənənəvi sual. Seçicilərlə pandemiya dövründə əlaqələr hansı formada qurulur? Seçicilərin ən çox səsləndirdikləri xahiş, istək, problem nədir? Nə dərəcədə nail olursunuz onların istəklərini reallaşdırmağa?
- Hazırda dünyada və ölkəmizdə pandemiya hökm sürdüyünə görə təəssüf hissi ilə qeyd etmək istərdim ki, seçicilərimizlə əlaqələrimizi əsasən onlayn formatda qururuq. Bu günə kimi bölgələrlə onlayn qaydada 10-larla görüşlər keçimişik. Bizə ən çox işsizliklə və maddi yardımlarla əlaqədar müraciətlər ünvanlanır. Biz də maksimum dərəcədə çalışırıq ki, hər kəsə dəstək olaq. Heç kimi geri qaytarmamağa, ümidsiz qoymamağa çalışırıq. Bu, həm də bizim insanlıq borcumuzdur.
Hazırladı: Elnurə Abuşova