31 mart soyqırımı " Əcəl atı" ilə anılacaq
3 Aprel 2012 20:07 (UTC+04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart
Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tamaşa nümayiş
etdiriləcək. Teatrdan verilən xəbərə görə, Azərbaycan xalqına qarşı
amansızlıqla törədilmiş soyqırımın qurbanları yazıçı-publisist
Vaqif Əlixanlının "Hardasan oğul" əsəri əsasında səhnələşdirilən
"Əcəl atı" tamaşası ilə anılacaq. Yüksək vətənpərvərlik ruhunda
səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu,
quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, əməkdar incəsənət
xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və
plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib
Əliyev, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva,
Xalidə Şərifova, Sona Babayeva, Yasəmən Məmmədova, Hüsniyyə
Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən
Çarhanlı, Zemfira Əbdülsəməd, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə,
Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid
Orucoğlu, Fidan Abbasova canlandıracaqlar.
Tamaşa kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar
üzərində qurulub. Qorxudulan əhali doğma yurd-yuvalarını qoyub
qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının insanları geri
qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə
görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını
özü ilə aparır.