Liviyanın neft bazarında Azərbaycanı hansı təhlükələr gözləyir?

17 May 2012 10:30 (UTC+04:00)

Xəbər verildiyi kimi Azərbaycan Liviyada "SOCAR" brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi və Liviyada neftayırma zavodunun inşa edilməsi təklifi ilə çıxış edib. Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov bunun üçün potensialların olduğunu bildirib.

Lakin o da faktdır ki, indiki məqamda Liviyanın neft bazarına investisiya yatırmaq olduqca riskli görünür. Bu ölkədə baş verən iğtişaşlar, tayfalararası silahlı mübarizələr, siyasi stabilliyin olmaması təhlükəli iqtisadi vəziyyətdən xəbər verir. Düzdür, baş verənlər Liviyanın neft bazarına o qədər də təsir göstərməyib. Neft istehsalı və ixracı əvvəlki tempdə davam edir.

Qeyd edək ki, ARDNŞ-in dünyanın bir sıra ölkəsində yanacaqdoldurma məntəqələri, neftayırma zavodları mövcuddur və onlar mənfəətli fəaliyyət göstərirlər. ARDNŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, fəaliyyətlərini daha da genişləndirmək niyyətindədirlər və bu istiqamətdə xarici ölkələrin səlahiyyətli şəxslərilə danışıqlar aparılır.

Bəs, Liviyanın neft bazarında Dövlət Neft Şirkətinin diqqətini çəkən hansı məqamlar var?

Neft məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Liviyanın neft bazarı bütün dünya dövlətləri üçün cəlbedicidir: "Məsələyə Liviyadakı siyasi sabitlik konteksindən yanaşmaq düzgün deyil. Dövlət Neft Şirkəti bütün riskləri nəzərə alaraq qərar qəbul edir. Liviya böyük ölkədir və bu ölkənin heç də bütün yerlərində anarxiya mövcud deyil. Məsələn, Tripolidə anarxiya varsa, Aralıq dənizinin sahillərində tam sabitlik, işgüzar mühit mövcuddur. Bu mənada Liviyada yanacaqdoldurma məntəqəsinin tikilməsi və ya neftayırma zavodunun inkişafı Azərbaycan üçün heç də təhlükə yaratmır. Bir yanacaqdoldurma stansiyasının tikintisi təxminən 500 min manata başa gəlir. Dövlət Neft Şirkəti arzuolunmaz ərazidə bu qədər pul xərcləyib, yanacaqdoldurma məntəqəsini hansısa silahlı qruplaşmaların yeminə çevirməz. Niyyət varsa, bu yüz ölçülüb, bir biçilib".

İ.Şaban onu da qeyd etdi ki, Avropadan, Amerikadan baxanda Azərbaycan da o qədər sabit ölkə hesab olunmur: "İlk baxışdan heç bir dövlət Dağlıq Qarabağ kimi münaqişəsi olan ölkəyə investisiya yatırmaz, burada iş qurmaz. Amma Bakıda, Sumqayıtda, Gəncədə və s. rayonlarda işgüzar mühit mövcuddur. Biz eyni sözləri Beyləqan, Goranboy, Fizuli üçün deyə bilmərik. Eyni situasiya Liviya üçün də aktualdır. Liviyada il ərzində 1,3 milyon barrel neft istehsal olunur və onun 1 milyon barreli xammal şəklində ixrac edilir. Azərbaycan Liviyanın neft bazarında çox kiçik paya malikdir. Bu mənada risklər elə də böyük deyil. Əgər Dövlət Neft Şirkəti Liviyada yanacaqdoldurma məntəqəsi açsa və ya neftayırma zavodu tiksə, bundan yalnız mənfəət götürə bilər".

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bizimlə söhbətində bildirdi ki, təmsil etdiyi qurumun Liviyada yanacaqdoldurma məntəqəsi açması və ya neftayırma zavodunun tikintisinə investisiya qoyması barədə onda heç bir məlumat yoxdur: "Açığı mən də bu məlumatı sizin kimi mətbuatdan oxudum. Azərbaycanın Liviyadakı səfiri cənab Ağasəlim Şükürov bu ölkənin rəsmi şəxslərilə görüşdə neft istehsalı məsələsində əməkdaşlığın mümkün variantlarını səsləndirib. Amma ARDNŞ-in bu ölkəyə investisiya yatırıb-yatırmayacağı barədə heç nə deyə bilmərəm. Bu barədə mən məlumatlı deyiləm".

R.Qaçaoğly