Son 3 ildə DSMF gəlirlərində 39, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70 faiz artım qeydə alınıb

22 Fevral 2021 11:30 (UTC+04:00)

 

Aparılan məqsədyönlü sosial-iqtisadi islahatların müsbət nəticələri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-2020-ci illər üzrə gəlirlərində qeydə alınmış ciddi artımlarda da öz təsdiqini tapır.

Həmin dövrdə DSMF gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70 faiz və ya 1 milyard 467 milyon manat artaraq ötən il 3 milyard 553 milyon manata çatıb. MDSS haqları üzrə fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84 faiz, özəl sektor üzrə 63 faiz səviyyəsində özünü göstərib.

DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər fondda 2018-ci ildə 22 milyon manat, 2019-cu ildə 197 milyon manat və 2020-ci ildə 235 milyon manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10 faiz azalıb. Əgər 2018-ci il yanvarın 1-nə dövlət büdcəsindən ödənilən həmin məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə, 2020-ci ildə həmin rəqəm 26 faizə düşüb. Beləliklə, DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığı gücləndirilib.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24 faiz artaraq 3 milyon 542 min 131 nəfərdən 4 milyon 382 min 297 nəfərə çatıb.