AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər

22 Fevral 2021 12:58 (UTC+04:00)

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Qurumdan Movqe.az-a verilən məlumata görə, agentliyin kollektivi və rəhbərləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüblər.      

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.