Xocalı soyqırımı ilə bağlı yeni petisiya üçün kampaniya keçirilir

22 Fevral 2021 19:27 (UTC+04:00)

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yeni petisiya üçün imzatoplama kampaniyasına start verilib.

Azərbaycan Respublikası Gənclər Fondundan Movqe.az-a bildiriblər ki, kampaniyanın məqsədi Xocalı soyqırımının dünyada daha geniş tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Beynəlxalq təşkilat və məhkəmələrə, eləcə də müxtəlif ölkələrin Xarici İşlər nazirliklərinə ünvanlanan petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumat verilib. Ermənistanın hərbi-siyasi hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunub. Həmçinin Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin soyqırımı aktı kimi qiymətləndirilməsi üçün çağırış ünvanlanıb.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisiyanı imzalamağa çağırır.

Petisiyanı imzalamaq üçün http://justiceforkhojaly.org/petition keçidindən istifadə etmək lazımdır.