Böyük Britaniyanın sərt karantin rejimindən çıxış planı açıqlanıb

23 Fevral 2021 09:28 (UTC+04:00)

 

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Baş nazir Boris Conson Parlamentin İcmalar Palatasında çıxış edərək ölkəsində karantin rejiminin yumşaldılması haqqında məlumat verib.

Krallıqda koronavirus məhdudiyyətlərinin martın 8-dən etibarən 4 mərhələdə qaldırılması planlaşdırılır.

Birinci mərhələdə martın 8-dən başlayaraq Krallıqda bütün məktəblər açılacaq və iki nəfər açıq havada görüşə biləcək.

Martın 29-dan etibarən iki fərqli ailədən olan insanlar və açıq havada altı nəfər görüşə biləcək, həmçinin açıq havada idmana icazə veriləcək.

İkinci mərhələ aprelin 12-dən başlayacaq və bərbərlər, restoran və kafelər açılacaq.

Üçüncü mərhələ mayın 17-dən etibarən qüvvəyə minəcək. İki fərqli ailədən olan insanların otaqda görüşməsinə icazə veriləcək. Kinoteatrlar və otellər açılacaq, konsertlər və idman yarışları başlanacaq.

Dördüncü və son mərhələyə iyunun 21-də keçiləcək. Bu dövrdə altı nəfərlik görüşlər 30 nəfərə qədər artırılacaq, sosial təmasda olan bütün qanuni məhdudiyyətlər götürüləcək və gecə klubları fəaliyyətə başlayacaq.