Özbəkistan portalı ermənilərin Azərbaycanın mədəniyyət və dini abidələrini dağıtmasından yazır

23 Fevral 2021 09:57 (UTC+04:00)

Özbəkistanın “interpress.uz” portalı işğaldan azad olunan ərazilərimizdə Ermənistan tərəfdən Azərbaycanın mədəni irsinin, mədəniyyət və dini abidələrinin dağıdılmasından yazır.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, yazıda Azərbaycanın əsrlər boyu müxtəlif xalqların və dini konfessiya nümayəndələrinin dinc şəkildə birlikdə yaşadığı ölkə olduğu qeyd olunur. Vurğulanır ki, ölkədə İslam, İudaizm, Xristianlıq və digər dinlərin nümayəndələri arasında dini zəmində heç bir problem yaşanmayıb. IV əsrdən IX əsrə qədər Azərbaycan ərazisində olan Qafqaz Albaniyasının əhalisi xristianlıqla bərabər zərdüştiliyə də etiqad edib.

Bildirilir ki, 28 ildən çox işğal altında olan Azərbaycan ərazilərində ermənilər 1891 mədəniyət obyektini dağıdıb. 738 abidə, 28 muzey, 4 şəkil qalereyası, 14 memorial kompleks, 1107 mədəniyyət təşkilatı məhv olub. Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar. Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlamaqla təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasının heysiyyətını təhqir ediblər.

Vurğulanır ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub. Bunların demək olar ki, hamısı məhv edilib.

Məqalədə bu abidələrin bərpası və qorunması istiqamətində görüləcək işlər haqqında da məlumat verilir.