Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib

24 Fevral 2021 15:59 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fləşmob təşkil olunub.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, aksiya “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Paytaxtın “Rike parkı”nda keçirilən aksiyada üzərində "Xocalıya ədalət" yazılmış köynəklər geyinmiş 20-yə yaxın azərbaycanlı və gürcü uşaq “Sülh körpüsü”nün üzərindən havaya 100-dən çox ağ şar buraxıblar.

Aksiyanın əsas çağırışı “Gələcək sülh istəyir” olub.

Fləşmobun digər simvolik mənası Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhlarının Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra rahatlıq tapmasından ibarətdir.