Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ağaclar əkildi

24 Fevral 2021 17:48 (UTC+04:00)

Astara RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Səfgail Məmmədovun Movqe.az-a göndərdiyi məlumatda bildirilir ki, bu il pandemiya şəraiti nəzərə alınaraq Astara rayonunda Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər online qaydada keçirilir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü ilə 23 fevral tarixində Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astara şəhərinə aid hissəsində 113-ü sərv, 100-ü girdəyarpaq birgöz, 200-ü göyrüş, 200-ü dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilmişdir. Bu ağaclar Xocalıda erməni terroru nəticəsində soyqırıma məruz qalan şəhidləri simvolizə edir.

Ötən ilin 27 sentyabrında ölkə Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən qüvvələrinin məhv edilərək ağır məğlubiyyətə uğradılması isə böyük tarixi həqiqətin bərpa edilməsi, həm də Xocalı faciəsi və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən digər qətliam qurbanlarının qisasının alınması ilə yaddaşlarda qalacaq.

Müzəffər Azərbaycan ordusu qısa müddətdə, cəmi 44 gün ərzində mənfur düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə, ona layiq olduğu yeri göstərdi. Bu gün qəhrəman əsgər və zabitlərimiz həmin torpaqlarda dalğalanan müqəddəs bayrağımızı şərəflə qoruyurlar. Bu gün Xocalı şəhidlərinin, ümumiyyətlə, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.

Xocalı soyqırımı ərəfəsində bu qanlı terror qurbanlarının sayı qədər torpağa əkilən ağaclar, qədirbilən xalqımız tərəfindən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyinin və heç zaman unudulmayacağının təzahürüdür.