“Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib

24 Fevral 2021 20:55 (UTC+04:00)

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) birgə təşkilatçılığı ilə “Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib. Mərkəzdən Movqe.az-a verilən məlumata görə, vebinara moderatorluq edən  BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, tədbir 29 il əvvəl baş vermiş Xocalı faciəsinin ildönümü ərəfəsində keçirilir. O bildirib ki, ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibədən sonra regionda yeni geosiyasi vəziyyət yaransa da, 30 illik işğalın nəticələri, o cümlədən I Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına qarşı törədilən soyqırımı və digər cinayətlər hələ də gündəmdə qalır.

Fərid Şəfiyev əlavə edib ki, bu zəfər Türkiyənin Azərbaycana dəstəyi olmadan çox çətin olardı: “Lakin bu münaqişə bizim regional layihələrimiz üçün əngəl olmayıb, amma Ermənistan bu layihələrdən məhrum qalıb. Torpaqlar ermənilər üçün dəyərli yerlər olsaydı, bu əraziləri darmadağın etməzdilər”.

Daha sonra çıxış edən  AVİM-in rəhbəri Alev Kılıç Azərbaycanı əldə etdiyi qələbə münasibəti ilə təbrik edərək müharibənin Azərbaycan üçün önəmli bir dönüm nöqtəsi və layiq olduğu bir zəfər olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyə hər şeydən öncə  “iki dövlət, bir millət” anlayışının artıq sadəcə sözdə deyil, fəaliyyətdə də böyük bir məna qazandığını sübut edib: “Bu müharibə türk dünyasının geosiyasi önəmi qarşısına qoyulmuş əngəlləri ortadan qaldırıb. Bu mənada Azərbaycan-Türkiyə  işbirliyi daha böyük əhəmiyyət kəsb edir”.

BMTM-in şöbə müdiri Fuad Çıraqov deyib ki, 10 noyabr atəşkəs razılaşmasından sonra hər kəsin gözü Ermənistanın daxili siyasətindədir. Onun sözlərinə görə, Ermənistanın daxili siyasi mübarizəsi indiki tək hakimiyyət və müxalifət arasında deyil, ölkənin keçmişi və gələcəyi arasında gedir.

AVİM-in eksperti Turqut Tuncel II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi durumda ən əsas istiqamətin iqtisadi bağlantıların açılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bununla  yeni dəhliz fürsətləri açılır və ortaya çıxır. O, Cənubi Qafqazın “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq-Qərb” dəhlizlərinin inkişafı baxımından əhəmiyyətini xüsusi qeyd edib. Ekspert əlavə edib ki, bu layihələt Ermənistan üçün yeni bir fürsət yaradıb.

BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov deyib ki, azad olunmuş ərazilərdə bərpa prosesi təkcə Azərbaycan deyil, bütün regionun inkişaf üçün vacibdir: “Əsas məqam texnoloji baxımdan əraziləri inkişaf etmək, "yaşıl enerji regionuna çevirməkdir. Ərazilərdə bərpa prosesinə başqa ölkələr də qoşulub və onlardan ən mühüm rol oynayanı Türkiyə şirkətlərdir. Gələcəkdə müharibə zamanı Azərbaycana dəstək göstərən daha çox ölkələr bu prosesə qoşulacaq”.

AVİM-in eksperti Oğuzhan Tulun Ermənistanla Türkiyə münasibətlərinin gələcəyinə toxunub. Onun sözlərinə görə, Ermənistan keçmişdən doğru dərslər götürsə, ölkəsi münasibətlərin normallaşmasını istəyəcək. Ekspert bildirib ki, lakin Ermənistan üstü qapalı şəkildə Türkiyə torpaqlarına qarşı iddialar qaldırır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Ermənistan-Azərbaycan münaqişəsi ətrafında baş verən son proseslərin Azərbaycanın Türkiyə ilə əməkdaşlığını daha  da möhkəmləndirdiyini deyib. Onun özlərinə görə, artıq Türkiyə regionda təsir gücünə malikdir və tezliklə regionda yeni layihələr reallaşacaq.

AVİM-in eksperti Tutqu Dilaver müharibədən sonra regionda altıtərəfli platformanın yaradılması təklifləri barədə danışaraq bildirib ki, bu təşəbbüs regionda sülhün daha davamlı olması məqsədi ilə meydana çıxıb: “Belə platformanın işləməsi üçün bütün ölkələr koordinasiyalı hərəkət etməlidirlər”.

Ekspert bildirib ki, Ermənistan Minsk qrupu çərçivəsində özünü çox rahat hiss edirdi. Onun sözlərinə görə, Minsk qrupuna üzv bəzi ölkələrin bu münaqişəyə öz siyasi yanaşmasından sonra bu artıq qrupun  fəaliyyətinə də təsir göstərməyə başlayıb.