Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub

25 Fevral 2021 13:22 (UTC+04:00)

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,4), Quba-Xaçmaz (14,5), Kəlbəcər-Laçın (14,4), Lənkəran (14,1), Aran (14,0), Yuxarı Qarabağ (13,2) və Şəki-Zaqatala (13,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Bununla yanaşı, ötən il ölkədə 75 min 647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib. Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20 min 653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43 min 478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.