Muxtar respublikanın ixrac imkanları artıb

4 Mart 2021 12:50 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 31 milyon 918 min 100 ABŞ dolları təşkil edib. İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 166 min ABŞ dolları təşkil edib, 16 milyon 413 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Movqe.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu gün muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri daha da genişləndirib, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradıb. Bu ilin yanvar-fevral aylarında 3-ü onlayn formatda olmaqla, ümumilikdə, 5 beynəlxalq əhəmiyyətli tədbirdə 13 sahibkarlıq subyektinin 15 nümayəndəsinin iştirakı təmin edilib.

İxrac təşviqi mexanizmi iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması ixracatçılara məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaradıb. 2017-2020-ci illərdə ixrac təşviqi mexanizmindən yararlanan 3 sahibkarlıq subyekti öz məhsullarını 12-dən artıq ölkəyə ixrac edib.

Həmçinin qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur. Cari ilin yanvar-fevral aylarında vafli, peçenye, fıstıq, filtrli siqaret, araq, travertin, polipropilen kopolimer (fitinq) məhsullarının Gürcüstan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirliyi, İran İslam Respublikası, Türkiyə, Ukrayna kimi ölkələrə ixrac olunması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 halda mənşə sertifikatı verilib.

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi və “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaradıb. Bu tədbirlər qarşıya qoyulan vəzifələrin tam icrasını təmin etmək məqsədilə 2021-ci ildə də davam etdiriləcək.