“Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və Çağırışlar” mövzusunda vebinar keçirilib

5 Mart 2021 13:50 (UTC+04:00)

Martın 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına dair müzakirələr aparmaq məqsədi ilə “Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və Çağırışlar” mövzusunda vebinar keçirilib. Qurumdan Movqe.az-a verilən məlumata görə, tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiyasi vəziyyət dəyişib və yeni tendensiyalar ortaya çıxmaqdadır. O deyib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı zamanı yeni reallıqlar haqqında fikirlərini bölüşüb və yeni imkan barədə məlumat verib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini, Atlantik Şuranın (Atlantic Council) baş elmi işçisi Metyu Brayza çıxışı zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi keçmiş təcrübəsindən danışıb və bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Madrid prinsipləri uzun müddət masa üzərində qalıb. Onun sözlərinə görə, bu sənəd ötən il noyabrın 10-a kimi mövcud idi və əslində Ermənistan üçün fayda daşıyırdı. Keçmiş səfir bildirib ki, hazırda 10 noyabr bəyanatı uzunmüddətli sülh üçün əsas olmalıdır. Metyu Brayza həmçinin bölgədə formalaşmış yeni vəziyyətin Şərq-Qərb enerji nəqliyyatı və digər regional layihələr üçün də yeni imkanlar açacağını dilə gətirib: “Yeni layihələr iqtisadi inkişafa yol açır və Ermənistan üçün iqtisadi reinteqrasiyanı mümkün edir”.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi Stanislav Pritçin dünyanın regionla bağlı tarixi günlərə şahidlik etdiyini və SSRİ dövründən bu yana ilk dəfədir ki, Ermənistan və Azərbaycanın  aralarındakı münaqişəni geridə qoya biləcəyini deyib: “Hazırda Ermənistanın daxilində siyasi risklər var və bunlar atəşkəs üçün təhdiddir. Problemlər hələ də yaşanır, lakin heç kim müharibəyə qayıtmaq istəmir. Ermənistandan başqa hamıya bəllidir ki, Türkiyə və Azərbaycanla sərhədlərin açılması, iqtisadi reinteqrasiya Ermənistan üçün ən real ssenaridir. İndiki məqamda Türkiyə-Rusiya əməkdaşlığı üçün də sabit bir forma yaranıb”.

Ardınca çıxış edən Kanada Qlobal Əlaqələr İnstitutunun elmi əməkdaşı (Canadian Global Affairs İnstitute) Robert Katler ötən həftə Xocalı Soyqırımının ildönümü olduğunu deyərək bu faciənin indiki problemlərin həllində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, bu hadisədə Koçaryan və Sarqsyanın məsuliyyəti məlumdur və  Xocalı faciəsi Ermənistanın indiki problemlərinə də kölgə salır.  O həmçinin əlavə edib ki, Dağlıq Qarabağın statusu məsələsinin gündəmdən çıxarılması praktiki baxımından barışa imkan yarada bilər: “Ermənistan tərəfinin mina xəritələrini təqdim etməməsi hərbi cinayətdir. Ermənistan-Azərbaycan əməkdaşlığı uzunmüddətli sülh üçün lazımdır”.

Türkiyə Kadir Has Universitetinin İqtisadiyyat, Administrativ və Sosial Elmlər fakültəsinin dekanı Mithat Çelikpala  çıxışı zamanı hazırda bölgədə əməkdaşlıqlar üçün yeni şəraitin yarandığını deyərək Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçtərəfli əməkdaşlığın mövcud olduğunu və Ermənistanın da buraya qatıla biləcəyini bildirib. Onun sözlərinə görə, Minsk qrupu, xüsusilə Fransa həmsədr ölkə kimi Azərbaycan üçün legitimliyini itirib: “Ermənistanla Azərbaycan arasında yeni dialoq qurulmalıdır. Ermənistanda revanşist davranışlar bölgədə mövcud olan bütün potensialı poza və bölgədəki layihələrə ziyan vura bilər”.