Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir

5 Mart 2021 20:40 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı barədə söylədiklərini şərh edib.

XİN-in mətbuat xidməti idarəsindən Movqe.az-a göndərilən məlumatda bu barədə danışılır. Leyla Abdullayeva deyib: “Azərbaycan Respublikasının Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ili martın 4-də keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir.

Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir.

Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli Bəyanatın mətni ilə tanış olsun, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”.