Martın 6-sı Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür

6 Mart 2021 16:00 (UTC+04:00)

Martın 6-da dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır və vaxtında müalicə olunmadıqda sonu korluqla bitən xəstəliklərə səbəb olur. Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin 40 yaşdan sonra onun yayılmasına daha çox rast gəlinir. Statistikaya görə, dünyada 107 milyondan artıq qlaukoma xəstəsi var və onlardan demək olar ki, hər beşindən biri göz nurunu tamamilə itirir.

Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Beynəlxalq miqyasda Qlaukoma ilə Mübarizə Gününün qeyd olunması həm də xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.

Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzi yaradılıb. Bu mərkəzdə xəstəliyin nəinki vaxtında aşkarlanması, müalicəsi, o cümlədən bütün xəstələrin dispanser qeydiyyatı və daimi nəzarəti mümkündür. Hazırda ölkəmizdə olan qlaukomalı xəstələr dispanser qeydiyyatındadır.