Müasir informasiya sistemində sosial şəbəkələrin rolu - Masallıda iclas

6 Mart 2021 18:08 (UTC+04:00)

 

Masallı RTŞ-nin əməkdaşları, məktəb direktorları,direktor müavinləri, UBTR, məktəb kitabxanaçıları,Təhsil Şöbəsi yanında Təhsilə İctimai Dəstək qrupunun üzvləri və fənn müəllimlərinin iştirakı ilə virtual iclas keçirildi. İclasda 690 nəfər iştirak edirdi.

Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

İclası Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, müasir informasiya sistemində sosial şəbəkələrin rolu artır. Təhsil sahəsində çalışanların sosial şəbəkələrdə fəallığının artırılması qarşıda duran əsas məsələlərdən biridir. Bütün məktəblər bu sahədə öz fəaliyyətlərini gücləndirməlidirlər.Bundan əlavə o, qeyd etdi ki, pandemiya qaydalarına əməl edilməsi ilə bağlı valideynlər və şagirdlər arasında maarifləndirmə işinin daha da genişləndirilməsi əsas məsələlərdən biridir.

Tariyel Əkbərov əlavə olaraq onu da qeyd etdi ki, rayonumuz Respublika Fənn Olimpiadalarının final turunda ölkədə ən yüksək nəticələr göstərənlər sırasında olmuşdur. Olimpiadaların zona mərhələsinə 67 şagirdimiz vəsiqə qazanmışdır. Bu şagirdlərin zona mərhələsində iştirakı təmin edilməlidir.

Tariyel Əkbərov xüsusi vurğuladı ki, təhsil müəssisələrində baş verən hər hansı mənfi hallara qarşı bütün vasitələrlə mübarizə aparılır. Məktəb direktorları məktəbdə baş verən bütün neqativ hallar üçün məsuliyyət daşıyır. Qanunsuzluğa yol vermiş məktəb rəhbərləri ciddi cəzalandırılır və belə hallar olarsa bu tədbirlər davam etdiriləcəkdir.

Masallı Rayon Təhsil Şöbəsinin müavini Samit İslamov Təhsil Nazirliyindən daxil olmuş əmr, təlimat və tapşırıqlar haqqında məlumat verdi və qeyd etdi ki, bu əmrlərin icrası vaxtında yerinə yetirilməlidir.

Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov Respublika Fənn Olimpiadalarının zona mərhələlərinin keçirilməsi ilə bağlı görüləcək işlər, Təhsil Nazirliyinin F-420 və F-512 nömrəli əmrlərinin icra vəziyyəti, buraxılış imtahanlarına hazırlıq, N.Gəncəvinin 880 illiyi ilə bağlı tədbirlərin keçirilməsi, STEAM layihəsinin tətbiq olunduğu siniflərdə tədrisin təşkili, təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi barədə məlumat verdi.

İclasın sonunda məktəb rəhbərləri və müəllimlərin sualları cavablandırıldı.

Əlihüseyn ŞÜKÜROV.