Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN

8 Mart 2021 15:15 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Bakının Badamdar qəsəbəsi ərazisində baş verən sürüşmə ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, 8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir.