8 mart bayramı ilə əlaqədar konfrans keçirilib

8 Mart 2021 21:40 (UTC+04:00)

8 mart 2021-ci il tarixində Gender Hub Azərbaycan platformasının təşkilatçılığı ilə ''Hər kəs üçün bərabər imkanlar: Azərbaycanda qadınların hüquqlara çıxışı'' adlı virtual konfrans keçirildi. Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təşviqi və təbliğatı istiqamətində görülə biləcək işlər və çıxış yolları haqqında müzakirələr aparmaq idi. Müzakirə Zoom platforması vasitəsilə onlayn şəkildə baş tutdu. İctimai müzakirəyə 100-dən çox iştirakçı şəxs qoşulmuşdu. Bu da mövzunun nə qədər aktual olduğunun götəricisidir.

Movqe.az-ın məlumatına görə, konfrans Gender Hub Azərbaycan və ADO tərəfindən hazırlanan “Ay bəri bax” and “Qadının səsi” incəsənət performanslarının təqdimatı ilə başladı. Gender Hub Azərbaycanın həmtəsisçisi Məryəm Məcidova açılış nitqi etdikdən sonra Avropa Şurasının Azərbaycandakı Səfiri Zoltan Hernyes, Fransanın Azərbaycandakı səfiri Zakari Qros və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Fərid Babayev çıxış ediblər.

Onlayn görüş açılış nitqlərindən sonra spikerlər tərəfindən hazırlanmış təqdimatlar ilə davam etdi. Səfir Zakari Qros son onilliklərdə Fransadakı qadın hüquqlarının təkamülünün qısa icmalı, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova İstanbul Konvensiyası və onun qadın haqlarının qorunmasına təsiri, feminist Nisə Hacıyeva Azərbaycanda və dünyada feminizm anlayışı, FemACT Women’s Fund Azərbaycan Pərvanə Məmmədova Gender bərabərliyinə hüquq əsaslı yanaşma, “VARYOX” media istehsal şirkətinin həmtəsisçi Sitarə İbrahimbəyli “Mənim incəsənətimdə Qadın Hüquqları” mövzularında təqdimat ediblər. 2021-ci ilin fevral ayında intihar edən gənc qadın Sevil Atakişiyevanın qrup yoldaşları da ictimai müzakirəyə qoşulmuş, Sevil haqqında öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər

Ümumilikdə, görüş zamanı feminizm anlayışının dünyada və Azərbaycanda üzləşdiyi çətinliklər və stereotiplər haqqında iştirakçılarla birlikdə ictimai müzakirə aparılıb.

Qeyd edək ki, Gender Hub Azərbaycan layihəsinin əsas məqsədi qadınlara qarşı zorakılığın aradan qadlırılması istiqamətində fəaliyyət göstərən QHT-ləri, feministləri və bərabər hüquqlar naminə mübarizə aparan fəallarla birgə maarifləndirmə işləri aparmaqdır.