Ticarətlə bağlı qanundan hələ də xəbər yoxdur

6 Sentyabr 2013 17:32 (UTC+04:00)

Ruslan Atakişiyev: "Qanunun qəbul olunması özlüyündə azad sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması deməkdir"


Xeyli müddətdir ki, ölkədə ticarət haqqında qanunun qəbulu ilə bağlı təkliflər səslənməkdədir. Lakin bu təkliflər hələ də reallaşmayıb. 

Məsələyə münasibət bildirən Tacirlər və İstehsalatçılar Birliyinin Sədri  Sevgim Rəhmanov Mövqe.az-a verdiyi açıqlamada qanunun qəbul olunmamasının Azərbaycanda yaratdığı fəsadlardan danışıb: "Əfsuslar olsun ki, bu gün Azərbaycanda ticarətin siyasətinin qurulması  məsələsində müəyyən çatışmazlıqlar mövcuddur. Baxmayaraq ki, neçə illər keçib, Azərbaycanda hələ ticarət haqda qanun yoxdur. Ticarətin siyasətini qurmaq üçün bu qanun çox  vacibdir. Bu gün ticarətdə nöqsanların olması, problemlərin yaranması, insanların zəhərlənməsi, qiymətlərin süni surətdə artırılması və s. bu kimi məsələlərin hamısına səbəb ticarət qanununun olmamasıdır. 

Problemləri həll etməyin tək yolu qanunun qəbul olunmasıdır. Milli Məclisin bir neçə üzvü ayrı-ayrılıqda qanunun lazımlığını deyirlər. Amma bunun qəbulu üçün heç bir iş aparılmır. Bu gün qanunun hazırlanması üçün xüsusi işçi qrupu yaradılmalıdır. Mən neçə dəfə İqtisadi İnsişaf Nazirliyinə bu  məsələ ilə bağlı müraciət etmişəm . İki il bundan qabaq hansısa addımlar atıldı, amma yenə də qaldı. Baxmayaraq ki, 1 milyona yaxın insan Azərbaycanda ticarətlə məşğul olur, amma qanunun qəbuul gecikir. Bu gün ticarətə baxın! Görün, endirim kampaniyaları necə aparılır? Onun qaydaları yoxdur. Bu gün şəhərdə kim nə istəyir, elə də  ad qoyur mağazalara. Bu haqda da qayda yoxdur. Bu gün kafe, yeməkxana, restoran, şadlıq evi - bunları ayıran cəhətlər olmalıdır. Qayda-qanun olmayanda, təbii ki, hərc-mərclik olacaq ". 

Sevgim Rəhmanov qanunun qəbulu ilə bağlı hökümət orqanlarının hərəkətə keçməli olduqlarını deyib: "İlk olaraq İqtisadi İnkişaf Nazirliyi qabağa düşməlidir. Ticarət haqda qanun hazırlanmalı, Milli Məclisdə təsdiq olunmalıdır. Bu hardasa bir il, il yarım çəkəcək. Əgər indi başlasalar, il yarım çəkəcək. Yenə də biz geçikirik. Rusiya və digər qonşu ölkələr bu addımı çoxdan atıblar. Türkiyədə bu qanun 1956-cı ildən mövcuddur. Bizdə niyə qəbul olunmadığını başa düşmürəm. Hökümət məmurları ilə birbaşa əlaqədə olmamışam. Onların fikrini öyrənə bilməmişəm. Amma Milli Məclisin ayrı-ayrı deputatları ilə söhbət etmişəm. Hamısı deyir olar. Amma bir yerdə heç bir hərəkət etmirlər. Hesab edirlər ki, şəraiti yoxdur. Ekspertlər kimi, qanunun təyin edilməsində biz orda iştirak edə bilərik. Mən əlimdən gələni edərəm. İşçi qruplara da gedərəm. Amma qabağa düşən, maaliyələşdirən qurumlar  lazımdır. Azərbaycanda qanunları qəbul edən orqanlar bu məsələyə səy göstərməlidirlər". 

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə Mövqe.az-a verdiyi açıqlamada ticarət haqda qanunun sahibkarlıq mühitinin inkişafına müsbət təsir edəcəyini  bildirib: "Əgər ticarət haqda qanun qəbul olunarsa, bu ticarət sahəsi ilə məşğul olan sahibkarların hüquqlarının qorunması məsələsi həll oluna bilər. Qanunun qəbul olunması özlüyündə azad sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması deməkdir. Həmçinin də bununla yanaşı, kiçik sahibkarların fəaliyyətinin tənzimlənməsinə də təsir edəcək. Onu qeyd etmək istərdim ki, ticarətçilərin sahibkarlıq işlərinin təşkil edilməsi ilə bağlı  son dövrlərdə yoxlamalar aparılır. Bu gün qanunvericilik halların yaxşılaşdırılması üçün müxtəlif vergi orqanları tərəfindən tədbirlər həyata keçirilir. Qanunun qəbul olunması sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılması, bu sahəyə marağın artması və ümumiyyətlə, bu sahədə sahibkarların sayının artmasına səbəb ola bilər ".