69 dövlət qurumunun saytının monitorinqinin nəticələri açıqlandı YENİLƏNİB - FOTOLAR

17 May 2012 17:57 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu gün Media Hüququ İnstitutut (MHİ) "Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı"nı təqdim etdi. Beynəlxalq Mətbuat Mərkəzində reallaşdırılan tədbirdə dövlət və hökumət qurumlarının əməkdaşları, QHT və media nümayəndələri iştirak edirdi.

Hesabat MHİ-nin 2007-ci ildən başlayaraq dövlət qurumlarının informasiya sahibi sayılan digər qurumların internet saytlarının monitorinqinin nəticələrinə əsaslanır. Tədbirdə dövlət qurumlarının onlayn şəffaflıq indeksi açıqlandı. Təqdim edilən hesabat 2012-ci ilin birinci yarısını əhatə edir. Hesabatda təqdim olunan nəticələr 69 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır.

Tədbiri giriş sözü ilə MHİ-nin direktoru Rəşid Hacılı açdı. Monitorinq və hesabat haqqın qısaca məlumat verən natiq, monitorinqlərin hansı metodlar əsasında apardıqlarını açıqladı: "Müqayisədə götürdükdə internetə qoyulan informasiya çəkisi xeyli aşağı olduğunu görürük. Prezidentin sonuncu xəbərdarlığından sonra da bir çox dövlət qurumlarının onlayn xidmətləri xeyli yaxşılaşdırılıb. Bu müsbət haldır."

Hüquqçu Ələsgər Məmmədli də məsələ ilə bağlı öz fikirlərini bölüşdü. 17 mayın Ümumdünya informasiya azadlığı günü olduğunu xatırladan natiq bu sahədə ölkəmizdə müəyyən irəliləyişin olduğunu açıqladı: "İnformasiya əldə etməklə bağlı qanun olsa da bəzi məsələlər ləng gedir. Məsələn, 7 il informasiya ombudsmanı yaradılmadı. Halbu ki, qanun imzalandığı gündən qüvvəyə minməli idi. Nəhayət ötən il bu səlahiyyət xanım Elmira Süleymanovaya verildi." Natiq bildirdi ki, informasiya ombudsmanlığının fəaliyyətinin tam stimullaşdırılacağı təqdirdə dövlət qurumlarının məhkəmə proseslərində iş yükü azalacaq.

MHİ-nin kordinatoru Xalid Ağəliyev ölkədə informasiya azadlığının durumundan danışdı. Onun sözlərinə görə monitorinqin əsas şərti odur ki, dövlət qurumlarının saytları informasiya saytı olmalıdır: "Ötən il Müdafiə Nazirliyinin saytı yaradılıb. Amma bu saytda informasiya şəffaflığından danışmağa dəyməz. İnformasiya şəffaflığı ilə bağlı qanunlara tam əməl edilsəydi indi 500-ə yaxın sayt olmalı idi. Amma onların sayı 150-yə çatır."

Tədbirdə çıxış edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli monitorinqi yüksək qiymətləndirdi və bundan sonra dövlət qurumlarının  veb saytlara daha çox informasiya yerləşdirmələrini  tövsiyyə etdi.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov dakeçirilən monitorinqlərlə bağlı fikirlərini səsləndirdi. Onun sözlərinə görə bu tipli monitorinqlərin keçirilməsi media-hökumət əlaqələrinin inkişafında çox önəmli rol oynayır.

Hesabatda əks edilən dövlət qurumlarının saytlarında informasiya 100 faiz yerləşdirilməsə də orta səviyyəli informasiya təminatı ilə təchiz edilmiş saytlar var. Bu sırada ilk yerləri Vergilər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı var. Hesabatda bu tipli saytlarda lazım olan informasiyanın 30 – 70 %-i yerləşdirildiyi əks etdirilib.

Sonda ilk 5 yeri tutan qurumlara diplomlar təqdim edildi. Bu monitorinqin nəticəsinə görə I yeri Vergilər Nazirliyi, II yeri Baş Prokurorluq və nəhayə III yeri isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tutub. Xatırladaq ki, ötən ilki hesabtada Baş Prokurorluq ilkin yeri tuturdu.

.