Zürafələrin özünəməxsus görkəmdə yaşamasına kömək edən genlər müəyyənləşdirilib

22 Mart 2021 17:13 (UTC+04:00)

Sianda yerləşən Şimal-Qərb Politexnik Universitetindən və Çinin digər elmi mərkəzlərindən, Danimarkanın və Norveçin elmi müəssisələrindən olan tədqiqatçılar zürafənin və digər gövşəyənlərin genomlarını müqayisə ediblər.

Moivqe.az AZƏRTAC istinadla xəbər verir ki, alimlkər tədqiqat zamanı zürafədə bir neçə mühüm genetik xüsusiyyət aşkarlayıblar. Bu xüsusiyyətlərə FGFRL1 genindəki mutasiyalar aiddir. FGFRL1 geni fibroblastların böyümə amilləri qrupundan zülallar üçün reseptor kodlaşdırır. Bu böyümə amilləri bir çox prosesləri, eləcə də hüceyrə bölünməsini və diferensiasiyasını idarə edir. Böyümə amili üçün reseptor ona görə lazımdır ki, hüceyrə xaricdən siqnalı qəbul etsin və daxilində bu və ya digər genlərin fəallığını dəyişən siqnal zəncirini işə salsın.

"Science Advances" jurnalında dərc edilən məqalədə bildirilir ki, zürafədəki FGFRL1 geni digər gövşəyənlərin FGFRL1 genindən azı yeddi aminturşu ilə fərqlənir.

Zürafənin FGFRL1 genini siçanlara yerləşdirəndə sonuncularda ürək-damar xəstəlikləri azalmağa başlayıb. Siçanların qan təzyiqi xüsusi maddələrlə xeyli artırılsa da, onlarda xəstəlik müşahidə edilməyib. Bundan başqa, həmin siçanların sümükləri daha möhkəm və daha kompakt olmağa başlayıb. Zürafədə boyun və ayaq sümükləri çox sürətlə inkişaf edir. Möhkəmlik və kompaktlıq istiqamətində işləyən FGFRL1 sürətli böyümə halında da sümüklərə lazım olan səviyyədə qalmaq üçün kömək edir.

FGFRL1-in həm ürək və damarlara, həm də sümüklərə təsir etməsi fikri təəccüblü deyil. FGFRL1 reseptoru ən mühüm hüceyrə proseslərinə təsir edən vacib molekul siqnallarının ötürülməsinə cəlb olunub. Zürafədəki FGFRL1-i tədqiq etməklə, insanda ürək-damar xəstəliklərini daha yaxşı müalicə etmək olar. Söhbət zürafə geninin insana köçürülməsindən deyil, FGFRL1-in köməyilə yüksək qan təzyiqini kompensasiya edən fizioloji mexanizmi təfərrüatı ilə öyrənməkdən gedir.

Alimlər zürafənin özünəməxsus görkəmdə yaşamasına kömək edən digər genlər də aşkarlayıblar. Məlum olub ki, onlarda sutkalıq ritmi, o cümlədən yuxu və oyaq qalmanın növbələşməsini tənzimləyən genlər çox dəyişikliyə uğrayıb. Zürafə digər məməlilərdən az yatır və tez-tez oyanır. Alimlər belə izah edirlər ki, qəfil həyəcan hallarında zürafələrə ayağa qalxmaq və harasa qaçmaq çətindir və yuxudan tez-tez oyanma qəfil duruma düşməmək üçün daha asan yoldur.

Lakin iybilmə ilə bağlı olan bir çox genlər zürafəyə lazım olmadığı üçün yoxa çıxıb. Zürafə ətrafı öz boy hündürlüyündən müşahidə edir. Torpağın səthində güclü olan iy ondan 5-6 metr hündürlükdə zəifləyir, deməli, zürafə üçün nəyisə gözlə müəyyən etmək iyləməkdən daha asandır.