Xidmət rəisi: "Qanunsuz iş icazəsi verən 50 işəgötürənlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib" - MÜSAHİBƏ

2 Aprel 2021 12:50 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərovun əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, eləcə də işçi hüquqları barədə “Report”a müsahibəsi:

- Pandemiya dövründə DƏMX-nin qarşısında duran əsas vəzifələrdən biri də iş yerlərinin qorunmasına ciddi nəzarətin həyata keçirilməsidir. Bu nəzarət necə, hansı mexanizm əsasında təmin edilir və ötən dövrdə bu sahədə hansı işlər görülüb?

- Əlbəttə, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə iş yerlərinin qorunması dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə ötən dövrdə məqsədyönlü işlər aparılıb. O cümlədən qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, eləcə də məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına nail olunub. Xidmət xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Altsistem vasitəsilə işəgötürənlərə məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərilib. Həmçinin KİV-lə işəgötürənlərə dəfələrlə xəbərdarlıq məzmunlu müraciətlər yayımlanıb.

Əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb. Habelə sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib. Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı bəzi işəgötürənlər də oldu ki, onlar tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanıldığına əsaslı şübhələr yarandı.

Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan 50 işəgötürənin əməlinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

- Azərbaycan 30 illik həsrətə son qoyub işğalda olan torpaqlarını azad etdi. Vətən müharibəsinə yollanaraq hərbi əməliyyatlarda iştirak edənlərin əmək müqavilələrinin ləğvi ilə bağlı hər hansı problem yaşandımı?

- Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə, yəni ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmış şəxslərin iş yerlərinin, əməkhaqlarının qorunub saxlanmasına ciddi nəzarət həyata keçirildi. Bəzi hallarda müharibə iştirakçılarının, şəhid ailələri üzvlərinin əmək müqavilələrinə xitam verilməsi faktları ilə rastlaşsaq da, dərhal müvafiq işəgötürənlərlə aparılmış sosial dialoq, onlara qanunvericiliyin tələblərinin izah edilməsi nəticəsində həmin şəxslərin yenidən işə bərpası, əmək haqlarının da ödənilməsi təmin edilib. Amma ümumilikdə götürdükdə işəgötürənlər tərəfindən müharibə iştirakçılarının iş yeri və orta aylıq əmək haqları saxlanıldı.

- Ümumilikdə bu gün üçün ölkədə əmək müqavilələrinin sayı nə qədərdir, artım və ya azalma olubmu?

- Ölkədə aparılan islahatların, o cümlədən tərəfimizdən görülən inzibati və preventiv tədbirlərin nəticəsi olaraq “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqavilələrinin sayı 2020-ci ilin əvvəlinə münasibətdə 150 min müqavilə və ya 10 faizədək artaraq 2020-ci ilin sonunda 1 703 241 müqavilə təşkil edib. Ümumilikdə son üç ildə əmək müqavilələrinin sayında 30% və ya 400 minə yaxın artım özünü göstərib. Əməkhaqqı fondu da mütəmadi olaraq artır, ötən il bu artım 12%, son üç ildə 81% təşkil edib.

- Ötən il Xidmətə nə qədər müraciət daxil olub?

- 2020-ci il ərzində Xidmətin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan daxil olmuş müraciətlərin, müəssisə, idarə və təşkilatlardan göndərilən sorğu xarakterli məktubların araşdırılaraq cavablandırılması təmin olunub. Ötən il ərzində vətəndaşlardan daxil olmuş 10 102 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4 690 məktub tərəfimizdən araşdırılaraq cavablandırılıb. “Əmək müqaviləsi bildirişi” altsisteminin fəaliyyəti ilə bağlı dövlət orqanları, işəgötürənlər və vətəndaşlardan daxil olan 3 670 sorğu tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb və onlara texniki yardımın göstərilməsi təmin olunub. Bildirim ki, ötən il Xidmət tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara gecikdirilmiş və ödənilməli olan sosial xarakterli ödənişlərdən ibarət 223 min manatdan çox vəsaitin ödənilməsi təmin edilib.

- Mətbuatda Xidmətin əməkdaşlarının antikorrupsiya sertifikatı alması ilə bağlı məlumatlar yayılıb. Bu prosesin mahiyyəti nədən ibarətdir?

- Beynəlxalq Standartlaşdırma Təşkilatı olan İSO 163 üzv ölkədən olan milli standartlaşdırma orqanlarından ibarət beynəlxalq standartları hazırlayan və nəşr edən standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. İSO 37001 standartı anti-korrupsiya idarəetmə sistemini təşkilatlarda tətbiq etmək üçün nəzərdə tutulmuşdur, özündə korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etməsi üçün tətbiq edilən bir sıra mexanizmləri ehtiva edir. Xidmətin 4 əməkdaşı İSO-nun adını qeyd etdiyimiz standartının tətbiqi üzrə mütəxəssis hazırlığı təlim kursuna cəlb olunublar. Beynəlxalq təlimçilər tərəfindən onlayn formatda həyata keçirilən təlimi başa vurmuş Xidmət əməkdaşları test imtahanından keçərək “İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis” beynəlxalq sertifikatına yiyələniblər. İSO 37001 standartının tətbiqi ilə əlaqədar Xidmətdə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb. 2021-ci ilin ortalarınadək Xidmətdə İSO 37001 standartının tətbiqi prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

- Məzuniyyət və istirahət hüququnun təmin edilməsi ilə bağlı ölkədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Bəzən bir çox dövlət və ya özəl qurumların işçiləri şikayət edir ki onların məzuniyyət və istirahət hüququ tam təmin edilmir. Ümumilikdə qanunvericilik baxımından bu məsələ necə tənzimlənir?

- Xidmətə dövlət müəssisələrində çalışan işçilərdən hələ ki, məzuniyyət və ya istirahət hüququnun pozulması ilə bağlı müraciət daxil olmayıb. Lakin, özəl müəssisələrdən belə şikayətlər olur, əsasən də məzuniyyət hüququnun pozulması ilə bağlı. Müraciət daxil olduğu zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona baxılır və əgər fakt təsdiqini taparsa, həmin işəgötürən inzibati məsuliyyətə cəlb olunur. Əmək Məcəlləsində işçilər üçün gündəlik normal iş vaxtının müddəti 8 saatdır. İş günü ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. İstirahət vaxtı əmək müqaviləsi və ya kollektiv müqavilə ilə tənzimlənə bilər. Lakin bəzi hallarda gündəlik iş yerindən evə qayıtmaq mümkün olmur, məsələn dənizdə yerinə yetirilən işlər. Belə hallarda iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər ki, bu iş rejimində gündəlik işin müddəti 12 saatdan çox ola bilməz. Bu halda adətən iş saatları üçün uçot rüblük və ya illik aparılır və iş saatlarının cəmi qanunvericilikdə nəzərdə tutulmuş müddətdən çox ola bilməz.

- Həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçiyə atalıq məzuniyyətinin verilməsi ilə bağlı məlumat yayılmışdı. Ata olacaq şəxslər hazırda məzuniyyət üçün işəgötürənə müraciət edə bilər?

- Əvvəlcə onu bildirim ki, qüvvədə olan Əmək Məcəlləsinə əsasən işəgötürən təqvim ilində həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona bir dəfə 14 və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə bilər. Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır. Təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. Layihə qəbul olunsa, artıq ata olmağa namizəd olan şəxslər ödənişsiz deyil, ödənişli məzuniyyət hüququ əldə edəcəklər.