Xaçmazda saxlanılan narkotacirdən avtomat aşkarlanıb

2 Aprel 2021 13:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz stansiyası Xətt Polis Şöbəsinin və Yalama stansiyası Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov Xudat stansiyasının ərazisində saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.

A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib. Həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz stansiya Xətt Polis Şöbəsində araşdırmalar aparılır.