Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri var

3 Aprel 2021 14:45 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Movqe.az-a verilən məlumata görə, aprelin 3-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etdi.

Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğuladı.

Səfir Auqusto Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd etdi. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu ifadə etdi.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğuladılar və bu xüsusda, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər.

Nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.