Vyetnamın yeni prezidenti seçilib

5 Aprel 2021 12:19 (UTC+04:00)

Vyetnam Sosialist Respublikasının qanunverici orqanı olan Milli Assambleyanın aprelin 5-də keçirilən iclasında Baş nazir Nquyen Suan Fuk ölkə prezidenti seçilib.

Movqe.az AZƏRTAC-a istinadla bildirir ki, səsvermədə deputatların 97,5 faizi Nquyen Suan Fukun namizədliyini dəstəkləyib.

Səsvermənin nəticələri elan olunandan sonra yeni seçilmiş prezidentin andiçmə mərasimi olub.

Nquyen Suan Fuk 2016-cı ilin aprelindən bəri Vyetnamın Baş naziri vəzifəsində çalışıb. O, Vyetnam tarixində Baş nazir vəzifəsindən sonra prezident seçilmiş ilk siyasi xadimdir.

Yeni seçilmiş prezident 1954-cü ildə doğulub, Vyetnam Kommunist Partiyasının siyasi bürosunun üzvü, habelə Vyetnam parlamentinin 3 çağırış deputatı olub.

Qeyd edək ki, parlament aprelin 2-də keçirilən iclasında səlahiyyət müddəti bitən prezident, Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Fu Çonqun istefasını təsdiqləyib.