Ağır əməliyyat keçirən xanım ATU TCK həkimlərinin köməyilə ana olub

5 Aprel 2021 16:44 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir xəstə ana olmaq sevincini yaşayıb. Klinikanın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, cərrah ginekoloqu Fərhad Sultanov bildirir ki, 51 yaşlı qadının uşaqlıq boşluğundakı miomalar laparoskopik üsulla götürülsə də, bir il sonra bu xanım əkiz sağlam uşaqlar dünyaya gətirib.

Cərrah F.Sultanov qeyd edir ki, bir il öncə həmin xanım uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomalar diaqnozu ilə klinikaya müraciət edib: “Pasiyentin yaşını nəzərə alaraq, ona histeroektomiya (uşaqlığın götürülməsi) əməliyyatı təklif olundu. Xəstə isə ana olmaq arzusunda olduğunu, ona görə də uşaqlığı saxlamağı israrla xahiş etdi. Aparılan müayinələr və klinik hal imkan verdiyinə görə, xəstədə laparoskopik miomektomiya əməliyyatı icra edilərək uşaqlıq saxlanıldı”.

Bundan sonra xəstə süni mayalanma ilə əkiz dölə hamilə qalıb və hamiləliyi 35 həftəyə qədər çatdırıb. Ana bətnində uşaqların çəkiləri 2.300 kq (qız) və 2.200 kq (oğlan) olub. 52 yaşlı hamilə qadının 3 ədəd laparoskopik miomektomiya keçirmiş uşaqlığı nəinki 1 döllü, hətta iki döllü hamiləliyə dözüb, həm də döllərin ümumi cəkisi 5 kq-a yaxın olan hamiləliyi 35 həftəsinə qədər saxlayıb, hətta “ruptura uteri” (uşaqlığın yırtılması) fəsadlaşması təhlükəsi də olmayıb.

ATU Tədris Cərrahiyyə Klinikasının cərrah ginekoloqu Fərhad Sultanov qeyd edir ki, bu fakt “hamilələrdə laparoskopik miomektomiyadan sonra ruptura təhlükəsi daha çox olur” kimi yanlış fikirlərə bir cavabdır. Sadəcə götürülən miomanın yatağını düzgün bərpa etmək vacibdir. Bunun laparotomiyada olduğu kimi laparoskopiyada da da icrası mümkündür. Doktor hesab edir ki, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər bir qadına ana olmaq sevincini yaşatmaq lazımdır: “Bu sevinci yaşamayan qadınlarda mütləq göstəriş olmadan yalnız yaşına görə uşaqlığı götürmək düzgün deyil. Ümumiyyətlə, bütün əmaliyyatlar göstəriş əsasında olmalıdır, sığortalanmaq xatirinə yox”.