Vyanada İranın nüvə proqramına dair danışıqlar aprelin 9-da davam etdiriləcək

7 Aprel 2021 09:35 (UTC+04:00)

Aprelin 6-da Vyanada İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə birgə komissiya uzun fasilədən sonra yenidən iclas keçirib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, İran, Çin, Rusiya, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri İran və ABŞ nümayəndələri ilə danışıqları ayrı-ayrılıqda keçiriblər. Buna səbəb isə İranın sanksiyalar aradan qaldırılmadığına görə ABŞ-la birbaşa danışıqlardan imtina etməsidir.

İran nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Abbas Ərakçı danışıqların ilk raundundan sonra mətbuata verdiyi açıqlamada iclasın konstruktiv mühitdə keçdiyini və danışıqların aprelin 9-da davam etdiriləcəyini bildirib.

Qeyd edilməlidir ki, 2015-ci ildə Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair saziş imzalanmışdı. Donald Tramp administrasiyası 2018-ci ildə birtərəfli qaydada bu sazişi tərk etdikdən və İrana qarşı sanksiyaların tətbiqindən sonra rəsmi Tehran sazişdən irəli gələn öhdəliklərdən imtina edəcəyini elan etmişdi. ABŞ sazişi tərk etdikdən sonra geri qalan "beşlik" ölkələri (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) sazişin xilas edilməsi üçün tərəflər arasında yeni cəhd göstəriblər. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra baş tutan ilk danışıqlar Vyanada xarici işlər nazirlərinin müavinləri və siyasi direktorlar səviyyəsində keçirilir.