Qarabağın biomüxtəlifliyinə və su ehtiyatlarına həsr olunan elmi konfrans təşkil ediləcək

7 Aprel 2021 13:58 (UTC+04:00)

Aprelin 20-21-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan məlumat verilib. Bildirilib ki, konfrans Qarabağın flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti, dərman bitkiləri, mikrobioloji müxtəlifliyi, biotəhlükəsizlik məsələləri, bu bölgənin su ehtiyatları, tədqiqi, bərpası və səmərəli istifadəsi, işğaldan azad edilmiş ərazilərin meşə, otlaq ekosistemləri, Qarabağ zonasının genetik ehtiyatları və ərzaq təhlükəsizliyi, həmçinin yaşıl iqtisadiyyat və digər istiqamətləri əhatə edəcək.

Konfransda çıxış etmək istəyənlər tezislərini aprelin 10-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Konfrans haqqında ətraflı məlumatla Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun saytında tanış olmaq mümkündür.