Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

7 Aprel 2021 20:30 (UTC+04:00)

Türkiyə Qarabağda aqrar sahənin bərpası və inkişafına dəstək verəcək. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə meşələr salınacaq, qoz, ardıc, badam və püstə ağacları əkiləcək. Bununla da Qarabağa geri dönəcək vətəndaşlar üçün əlavə gəlir sahələri yaradılacaq.

Bir müddət əvvəl Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib. Səfər çərçivəsində görüləcək işlər müzakirə edilib. Hazırda ərazidə əkinçiliyin və heyvandarlığın inkişafı sahəsində aparılan işlərlə bağlı yol xəritəsi işlənilir. Qarabağda 54 min hektar meşə fondu məhv edilib, çoxillik palıd ağacları kəsilib. Meşə fondunun bərpası üçün Türkiyədən palıd ağacları gətiriləcək. Bununla yanaşı, gəlir gətirəcək sahələrin yaradılması üçün Azərbaycan Türkiyənin təcrübəsindən yararlanacaq.