Bakı Limanında yeni terminallar inşa ediləcək

8 Aprel 2021 15:03 (UTC+04:00)

Bakı Limanında yeni terminalların inşası planlaşdırılır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanının Baş direktoru Taleh Ziyadov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvləri ilə onlayn görüş keçirib. Ətrafında 140-dan çox alman şirkətini birləşdirən Alman-Azərbaycan Xarici Ticarət Palatası üzvlərinin diqqətinə çatdırılıb ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənə dağıdıcı zərbə endirdi və işğala son qoydu. T.Ziyadov bildirib ki, Azərbaycanın qələbəsini təsdiq edən 11 noyabr razılaşması regionda kommunikasiya xətlərinin açılışını da ehtiva edir. Bu isə həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat və logistika mərkəzinə çevrilməsini labüd edir.

Baş direktor 2020-ci ilin yekunlarına toxunaraq deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artıb. İl ərzində aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ların aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb.

Qeyd olunub ki, Türkmənistandan gübrə məhsullarının (karbamid və kükürd) ixracatının artması, Qazaxıstanın isə böyük taxıl ixracının olmasını nəzərə alaraq mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır. Bildirilib ki, Bakı Limanı avropalı tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirir, Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə isə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunur. 2019-cu ildə Bakı Limanı Xəzərin ilk “Yaşıl Liman” statusu qazanıb və Avropada belə status almış 26 limandan biri olub.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il yanvarın 15-də Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə anlaşma memorandumu imzalayıb. Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər, 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri, Bakı Limanının reallaşdırdığı ikinci təlim proqramından da faydalana biləcəklər. Almaniya ilə sərhəddə, Niderlandın ən vacib logistika mərkəzlərindən sayılan Venlo şəhəri ətrafında baş tutacaq 4 aylıq təlim Fontis Tətbiqi Elmlər Universitetində və Qilde İnstitutunun peşə təhsili mərkəzi ilə birgə təşkil olunacaq və beynəlxalq logistika, dünya liman sənayesi, anbarların idarə edilməsi, liman əməliyyatları və gömrük prosedurları kimi sahələri əhatə edəcək.

Görüşün sonunda Baş direktor T.Ziyadov, həmçinin Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika qovşaqları və daşınma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verib.