Şahmar Hacıyevin “Qarabağda “İsgəndər” raketləri dilemması” başlıqlı məqaləsi dərc olunub

8 Aprel 2021 18:16 (UTC+04:00)

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasiareview” saytında “Qarabağda “İsgəndər” raketləri dilemması” başlıqlı məqaləsi dərc olunub.

Movqe.az-a məlumatına görə, Şahmar Hacıyev yazıda qeyd edir ki, İkinci Qarabağ müharibəsi hər növ ağır və müasir silahların istifadəsi ilə geniş miqyaslı bir müharibə olub. Onun sözlərinə görə, Ermənistan ordusu əsasən Rusiya istehsalı olan “BM-30 Smerch”, “Tochka-U” və “Skud” raket sistemlərini, Azərbaycan isə rus silahları ilə yanaşı, Türkiyə və İsrailin müasir silahlarından və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Taktiki raket sistemləri məsələsinə toxunaraq, müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı “İsgəndər” raketlərinin istifadəsi ilə bağlı fikirlər səslənib: “Əslində, faktlar da sübut edir ki, “İskəndər” raketləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı istifadə edilib. Bu mürəkkəb məsələ ilə bağlı ilk açıqlamanı Ermənistanın keçmiş qərargah rəisi, general-polkovnik Movses Hakobyan verib. O, bildirib ki, müharibə zamanı “İsgəndər” istifadə olunub. Lakin o məkanı açıqlamayıb. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərinin effektivliyi barədə çox ciddi şərh verib. Ermənistan baş naziri Rusiya istehsalı olan “İsgəndər” ballistik raketlərinin müharibə zamanı partlamadığını vurğulayıb”.

Müəllif yazır ki, hadisələrin bu cür inkişafı fonunda, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının aşkar edilməsi dilemmanı daha da mürəkkəbləşdirib. Belə ki, 9M723 indeks kodu altında aşkarlanan raket qalıqları “İsgəndər-M” tipinə aid olduğu xüsusilə vurğulanmalıdır: “Maksimum məsafəsi 500 km olan “İsgəndər-M” məhz Rusiya hərbi qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub, “İsgəndər-E” (9M720) isə maksimum 280 km məsafəyə ixrac etmək məqsədi ilə istehsal olunmuşdu və Ermənistan da bu tip kompleksin ilk alıcısı olub”.

Sonradan müəllif “İsgəndər-M” raketlərinin aşkarlanması ilə bağlı qeyd edir ki, Rusiya tərəfi mütləq şəkildə bu məsələyə aydınlıq gətirməlidir. Şahmar Hacıyev bildirir ki, müharibə artıq bitib və rəsmi İrəvan noyabr sazişinin bütün bəndlərini yerinə yetirməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. O, həmçinin qeyd edir ki, post-konflikt dövründə silahlara nəzarət və  tərksilah prosesi ən qısa müddətdə başlanılmalıdır: “İskəndər-M” raket sisteminin Şuşaya atılması və bu məsələnin qaranlıq qalması bütün bölgə üçün ciddi bir təhdiddir. Şuşa hadisəsi açıq şəkildə nümayiş etdirdi ki, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi üçün silahlara nəzarət olduqca əhəmiyyətlidir”.