Şuşa şəhəri və Gövhər ağa məscidi tarixin qələbə səhifəsində

10 Aprel 2021 16:45 (UTC+04:00)

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir.

Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gasius Cornelius Tacitus Qafqaz ərazisində Türk tayfasına məxsus Sosu (Şuşa) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırıblar.

XIX əsrdə Azərbaycan və eləcə də Şuşanı müşahidə edən Qərbi Avropa səyyahları onun daha qədim şəhər olması haqqında dəyərli fikirlər söyləyiblər. Onlardan ingilis səyyahı Ceyms Morye Şuşada bizim eradan əvvəl insan cəmiyyətinin yaşadığı haqda mülahizələr irəli sürüb.

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar bir diyardır. Sərt dağlar, sıx meşələrlə əhatə olunan bu diyarın, yəni Şuşa şə-həri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bu gül 8 noyabrdan sonra bizim Zəfər nişanəmizdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu yerlərin ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

XX əsrin 70–ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında qoyulub. Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci ildə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilməmişdir. Odur ki, dəniz səviyyəsindən 1403 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası müdafiə tələblərinə tam cavab verdiyindən, o, şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb. Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Kiçik Paris” adlandırılan Şuşa şəhəri Qarabağın mədəniyyət mərkəzi sayılır. Şuşada 549 qədim yaşayış binası, 18 məhəllə, 18 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və s. olub. Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir.

Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnət məkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair–rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları şəhərə gələn qonaqları valeh etmişdir. “Şərqin konservatoriyası” adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli kimi incəsənət xadimlərinin vətəni olmuşdur.

Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilmişdir. "Xarı bülbül"ün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib. Buradakı tarixi-dini mədəniyyət abidələrindən biri də Gövhər ağa məscididir. Qarabağ hökmdarı İbrahim Xəlil xanın (1732–1806) qızı Gövhər ağa (1790–1888) Şuşanın tarixində özünəməxsus yer tutur. Şəhərin iki mühüm dini mərkəzi – Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri onun adı ilə bağlıdır. Şuşanın ictimai-mədəni həyatına əliaçıq, maarifpərvər və xeyriyyəçi xanım kimi daxil olmuşdu. Xeyriyyəçilik fəaliyyəti haqda “Kavkaz” qəzeti 1849–cu ildə ayrıca yazı dərc etmişdi. Bu, şəhərin mərkəzi Meydanında tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Məscidin inşası dörd mərhələdə həyata keçirilib. İlk məscid (I mərhələdə) Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1850–ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. Pənahəli xanın göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsinin üzvləri üçün qəsr və saraylar, eləcə də məscid inşa edilib. İkinci məscid İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan inşa edilib (1768–1769).

XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. Bu məscid ikimərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik idi. Həmin tikili XVI-XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi. Məscidin binası ilə birbaşa əlaqədə olan və cinahlardan onun əsas girişini əhatə edən iki silindrik minarə binanın yuxarı yüksəlmiş memarlıq formalarını tamamlamaqla parlaq təəssürat yaradır. Məscidin təsvirlərinə müxtəlif müəlliflərin rəsm əsərlərində rast gəlinir. Məsələn, Vasili Vereşaginin rəsmlərində tikilinin memarlıq–bədii xüsusiyyətləri, minarələrin quruluşu və digər vəziyyəti, görünüşü barədə məlumatlar verilir. Onun “Tatarlar ibadət zamanı” rəsmində isə Şuşa cümə məscidinin incə cazibədarlıq və nağılvarı bəzəklərini görmək mümkündür. 1883–cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Dördüncü məscidin müəllifi məşhur Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya–planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən (3–cü məsciddən) kəskin şəkildə fərqlənir. Tikilinin eyvanının tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək 5 metr diametrə malik iki günbəz fərqlənir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir. Gövhər ağa (İbrahim Xəlil xanın qızları – Ağabəyim ağa, Gövhər ağa nədənsə ənənəvi “xanım” deyil, “ağa” titulu daşıyırdılar) xanın gürcü knyazı Abaşidzenin qızı Sofiya ilə nikahından doğulmuşdu. Atasının sağlığında Şəki hakimi, general–leytenant Cəfərqulu xan Xoyskiyə (Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin ulu babası) ərə verilmişdi. Ərinin ölümündən sonra Qarabağa qayıtmış, ömrünün sonuna qədər Şuşada yaşamışdı.

Şuşa bazarı və Qarabağda on kənd ona məxsus idi. Qafqazın baş hakimi general Yermolovun təşəbbüsü ilə 1822–ci ildə Qarabağ xanlığı ləğv ediləndən sonra da Gövhər ağanın ailə mülkü olan kəndlərlə bağlı imtiyazları saxlanmışdı. Şuşa bazarından götürdüyü gəlirin əvəzinə hökumət ona ildə 972 gümüş manat ömürlük pensiya kəsmişdi. Gövhər ağanın vəsaiti ilə 1865–1866–cı illərdə Şuşanın Qapan meydanında Aşağı Gövhər ağa məscidi kimi tanınan dini kompleks inşa edilmişdi. 1884–1885–ci illərdə isə yenə onun istəyi və vəsaiti ilə əsası Pənahəli xan tərəfindən qoyulmuş (1769) Cümə məscidinin (Yuxarı Gövhər ağa məscidi) inşası tamamlanmışdı. Məscidlərin ikisi də qarabağlı memar Kərbəlayı Səfixanın layihəsi əsasında tikilmişdi və kompleks (məscid, mədrəsə, kitabxana, yaşayış evi, bağça, hovuz və s.) xarakterli idi. Şuşanın erməni işğalı zamanı hər iki məscid dağıdılmışdı. Bir neçə il bundan əvvəl işğalçı rejim Yuxarı Gövhər ağa məscidinin tarixini saxtalaşdıraraq onu İran dini abidəsi kimi "təmir etdirmişdi”.

Şuşa azad olunandan, 28 illik fasilədən sonra 2020–ci il noyabrın 10–da bu məscidin minarəsindən azan verilmişdi, noyabrın 13–də isə ilk cümə namazı qılınmışdı. Qeyd edək ki, dördüncü məscid dövrümüzə qədər yaxşı vəziyyətdə saxlanmışdı. 1992–ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb. İnteryerləri məhv edilib, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri dağıdılıb. Şuşa şəhərinin 2020–ci il noyabrın 8–də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Yuxarı Gövhər ağa məscidi də erməni əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirdi: “Şəhər tezliklə dirçəldiləcək. Qarabağın mədəniyyət mərkəzi, beşiyi olan tarixi Şuşa şəhəri, Gövhər ağa məscidi, Vaqifin məqbərəsi və Pənahəli xanın sarayı da tez bir zamanda lazımi səviyyədə bərpa olunacaqdır. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik Azərbaycan xalqıdır. Bizim müharibəmiz İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: Şuşa sən azadsan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”.

Cəmil QULİYEV,

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin

İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru