Hikmət Hacıyev: Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır

10 Aprel 2021 19:00 (UTC+04:00)

Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib: “Türkdilli ölkələrin özəl media resurslarının da prosesə cəlb olunmasına ehtiyac var. Çünki məqsəd məlumatların geniş şəkildə işıqlandırılmasına nail olmaqdır. Mediaforum konsepsiyası barədə də düşünürük. Ölkələr arasında biznes-forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.