Qarabağ Dirçəliş Fondu

13 Aprel 2021 17:49 (UTC+04:00)

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.

Ermənilər tərəfindən barbarcasına dağıdılan ərazilərdə dayanıqlı məskunlaşmanın reallaşdırılması, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, bir sözlə, Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu müvafiq layihələrə maliyyə dəstəyi göstərəcək, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək.

Qarabağ Dirçəliş Fondu üzərinə düşən vəzifələri yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirəcək. Nizamnaməsinə əsasən, Qarabağ Dirçəliş Fondu ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq, həmçinin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətinə də önəm verəcək.

Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm vəzifərdən biridir. Bu ərazilərdə gerçəkləşdiriləcək abadlıq-quruculuq işlərinin miqyası da, şübhəsiz ki, çox böyükdür. Çünki təcavüzkar Ermənistan torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb, tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına ciddi ziyan vurub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən də bu barədə demişdir ki, təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz. Bütün bu dağıntılar birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar.

Azərbaycan Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə tikinti-quruculuq işlərinin sürətlə aparılması, bu yerlərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik bölgəyə çevrilməsi üçün hazırda ciddi tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vise-prezident Mehriban Əliyeva tərəfindən yanvarın 14-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və Füzuli rayonunda beynəlxalq hava limanının təməli qoyulub. Mərasimdə ölkə rəhbərimiz qeyd edib ki, bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir... Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və sonra Laçına qədər yolun çəkilişi işlərinə də hazırlıq görülür. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Hər iki tərəfdən Şuşa şəhərinə rahat şəkildə getmək mümkün olacaq.

Dövlətimizin başçısı cari ilin yekunlarına həsr olunan müşavirədə, həmçinin dəmir yollarının tikintisi ilə bağlı da göstərişlər də verib. Horadiz–Füzuli və bundan sonra Füzuli–Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulub.

Artıq Suqovuşana yol çəkilib, Füzuli–Şuşa yolu müasir standartlara uyğun inşa edilir, şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Taleh Eynullayev,
Masallı rayonu, İkinci Yeddioymaq kəndinin sakini