"Modern Diplomacy" saytında "Müharibədən sonrakı Cənubi Qafqazda sülh, problemlər və perspektivlər" başlıqlı məqaləsi nədən bəhs edir

13 Aprel 2021 20:55 (UTC+04:00)

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın "Modern Diplomacy" saytında "Müharibədən sonrakı Cənubi Qafqazda sülh, problemlər və perspektivlər" başlıqlı məqaləsi dərc olunub.

Esmira Cəfərova yazıda qeyd edir ki, Azərbaycan Milli Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) “İsgəndər M” ballistik raketinin qalıqlarını aşkar etməsi müəyyən dəqiqləşdirmələr tələb edir. Onun sözlərinə görə, inandırıcı cavabların olmaması təhlükəli fərziyyələrə səbəb ola bilər. Müəllifin fikricə, bu problem münaqişə sonrası reabilitasiya dövrünə yumşaq keçidin qarşısını alır.

Müəllif yazır ki, keçmişdə işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş minaların yaratdığı təhlükə çox kəskindir: "İlkin hesablamalara görə, azad olunmuş ərazilərdə raketlər və döyüş sursatlarının zərərsizləşdirilməsi 5-6 il tələb edə bilər, minalanmış ərazilərin tamamilə təmizlənməsi isə 10-13 il çəkə bilər".

E.Cəfərova qeyd edir ki, problemi daha da ağırlaşdıran odur ki, Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurmaq üçün etdiyi bütün xoşməramlı jestlərə baxmayaraq, Ermənistan Azərbaycana mina xəritələrini verməkdən imtina edir.

Sonda Esmira Cəfərova yazır ki, həll olunmayan məsələlərin mürəkkəbliyi şəffaflıq, əməkdaşlıq və qarşılıqlı kompromis tələb edir.