İlham Əliyev MDB Müşahidə Missiyasının başçısını qəbul edib
9 Sentyabr 2013 22:31 (UTC+04:00)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 9-da
Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən
Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və
Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskini
qəbul edib.
Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı
başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə prezident
İlham Əliyevə məlumat verdi. O, respublikamızın ayrı-ayrı
bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin
yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını dedi.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki
fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq
işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını
vurğuladı. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq
təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd
etdi.
Dövlət başçısı MDB Parlamentlərarası Assambleyasının Müşahidə
Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından
məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev MDB Müşahidə
Missiyasının ötən dövrlərdə keçirilən seçkilərdə obyektiv və uğurla
fəaliyyət göstərdiyini, seçkilərin nəticələri ilə əlaqədar
Parlament Assambleyasında Azərbaycan xalqının iradəsi ilə bağlı
verdikləri ədalətli qiyməti yüksək dəyərləndirdi. Builki prezident
seçkilərinə hazırlıq məsələlərinə toxunan Prezident İlham Əliyev
müşahidəçi missiyaların seçkiyə hazırlıqla bağlı bütün proseslərdə
yaxından iştirak etdiklərini və hazırlıq işlərinin beynəlxalq
standartlara uyğun şəkildə aparıldığını dedi. Seçkinin hər bir
ölkənin həyatında mühüm mərhələ olduğunu qeyd edən dövlətimizin
başçısı qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf
keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını dedi və
seçkilərin yüksək standartlara uyğun şəkildə keçiriləcəyinə ümidvar
olduğunu bildirdi.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli
əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası
əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə
ölkələrimizin MDB Parlamentlərarası Assambleyasında fəal
əməkdaşlığının önəmi qeyd olundu.
Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi
Aleksey Sergeyev də iştirak edib.