Prezident İdris Debi üsyançılarla döyüşdə öldürüldü

20 Aprel 2021 16:28 (UTC+04:00)

Afrika ölkəsi Çadda prezident İdris Debi İtno altıncı dəfə prezident seçildiyi gün üsyançılarla döyüşdə öldürülüb. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Çad ordusunun komandanlığı prezidentin bu gün aprelin 20-də “ön xətdə, ölkənin şimalında silahlı qüvvələrə komandanlıq edərkən” güllə yarası aldığını bildirir.

İdris Debi elə bu gün Çadda aprelin 11-də keçirilmiş prezident seçkilərinin rəsmən qalibi elan edilmişdi. Lakin altıncı prezidentlik müddətinin cəmi bir neçə saatını yaşaya bilib və həyatını itirib.

“Respublikanın prezidenti, dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı İdris Debi İtno az əvvəl ölkənin ərazi bütövlüyünü döyüş meydanında müdafiə edərkən canını tapşırdı. Biz dərin kədər hissi ilə Çad xalqına bu gün aprelin 20-də marşal İdris Debinin həlak olduğunu elan edirik”,-ordunun nümayəndəsi, general Azem Bermandoa Aquna dövlət televiziyası ilə bildirib.

İdris Debi aprelin 11-də keçirilmiş prezident seçkilərində həmişə olduğu kimi yüksək səslə qalib elan edilmişdi, onun 80 faizə yaxın səs topladığı bildirilirdi. Mərkəzi Seçki Komissiyasının rəhbəri Kodi Mahamat Bam onun ölüm xəbərinin elan edilməsindən az əvvəl bildirmişdi ki, seçkilərin nəticələri təsdiqlənib. “Qələbə əldə edilib və ikinci tur olmayacaq”,-MSK sədri cəmi 7 namizədin iştirak etdiyi seçkilərə yekun vurarkən bildirib.

Aprelin 11-də, prezident seçkiləri günü “Çadda barışıq və dəyişikliklər uğrunda cəbhə” (FACT) adlı müxalif silahlı qruplaşma özünün qonşu Liviyadakı bazalarından Çada daxil olub. Üsyançılar bir neçə kalonla paytaxt Ndjamenə doğru hərəkət ediblər, amma aprelin 17-də, paytaxtdan 300 kilometr şimalda üsyançıların əsas qüvvələri Çadın hökumət qoşunları tərəfindən məhv edilib. Prezident İdris Debinin məhz həmin üsyançıların qalıqları ilə döyüşdə həlak olduğu təxmin edilir.

İdris Debi 1990-cı ildə dövlət çevrilişi nəticəsində Hissen Habreni devirərək hakimiyyətə gəlib. Həmin vaxtdan o, hər dəfə seçkilərdə qalib gəlirdi. 2018-ci ildə Çad parlamenti yeni konstitusiya qəbul edərək prezident hakimiyyətini möhkəmləndirib, amma eyni zamanda siyasətçilər üçün iki dəfədən çox prezident postunu (hər dəfə 6 il olmaqla) tutmağı qadağan edib. Yeni konstitusiya 68 yaşlı  İdrid Debiyə 2033-cü ilə qədər hakimiyyətdə qalmağa imkan verirdi, çünki yeni konstitusiyada onun əvvəllər 5 dəfə prezident olduğu hesaba alınmırdı.

İdris Debi hakimiyyət başında olarkən bir neçə hərbi çevriliş cəhdindən və silahlı müxalifətin hakimiyyəti güc yoluyla ələ keçirmək cəhdlərindən salamat çıxıb. Bütün bunlar çoxsaylı silahlı toqquşmalarla müşaiyət olunub.

2006-cı ildə İdris Debini devirmək istəyən silahlı qruplaşmalardan biri-“Çadda demokratiya və ədalət uğrunda” hərəkatının silahlıları paytaxt Ndjamenin bir hissəsini tutub, lakin hökumət qüvvələri onları geri oturda bilib. 2008-ci ildə isə silahlı müxalifət şəhərin böyük hissəsini tuta, hətta prezident sarayını mühasirəyə ala bilmişdi. Sarayı tərk etməkdən imtina edən keçmiş desantçı və hərbi pilot İdris Debi hökumət qüvvələrinin müdafiə mövqelərinə rəhbərlik etməkdə davam edib. Fransa desantının köməyi ilə ona sadiq qüvvələr üsyançıları Ndjamendən çıxara bilib.

İdris Debinin hökuməti Qərblə fəal əməkdaşlıq edirdi və radikal islamçılara qarşı mübarizəyə dəstək verirdi.

Virtualaz.org