İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarlarla görüş keçirilib

20 Aprel 2021 18:44 (UTC+04:00)

İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır. Bu halların qarşısının alınması, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məişət texnikası və əşyalarının, geyimlərin, mobil telefonların, mebel istehsalı və satışını həyata keçirən müəssisələrin, həmçinin xaricdən sifariş verilən malların çatdırılması ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Movqe.az-a verilən məlumata görə, Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bildirib ki, Dövlət Xidmətinin təhlilləri ticarət şəbəkələri tərəfindən istehlakçı hüquqlarının pozulması hallarının daha çox lazımi keyfiyyətdə olmayan və ya saxta malların geri qaytarılmaması, malların dəyişmə və qaytarılma qaydalarına əməl edilməməsi, mallara zəmanət müddətinin tətbiq olunmaması, müqavilələrdə istehlakçı hüquqlarının məhdudlaşdırılması ilə bağlı olduğunu göstərir. Mallar barədə düzgün məlumatın verilməməsi, məcburi sertifikatlaşdırılmalı olan mallara aid sertifikatların təqdim edilməməsi də çox rast gəlinən qanun pozuntularındandır. Bundan əlavə, istehlakçıların malların servis mərkəzlərində aparılan ekspertizaların nəticələri ilə bağlı narazılıqları və müraciətləri də artıb.

Görüşdə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, qeyd olunan halların aradan qaldırılması, istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyyələr verilib.

Şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, qanun pozuntuları barədə əsaslı faktlar aşkar ediləcəyi təqdirdə, qanunvericilik çərçivəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir.