Masallı RTŞ-də geniş tərkibdə onlayn iclas

28 Aprel 2021 11:15 (UTC+04:00)

Dünən, aprelin 27-də Masallı RTŞ-nin əşəkdaşları, məktəb direktorları və direktor müavinlərinin iştirakı ilə onlayn iclas keçirildi. İclasda 210 nəfər iştirak edirdi.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, Təhsil Nazirliyinin əmri ilə işlərində yol verdiyi ciddi nöqsanlara görə Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov tutduqları vəzifədən azad edilmişlər. Masallı Rayon Təhsil Şöbəsinin müvafiq əmrləri ilə RTŞ-nin metodisti Vəli Ağayev və Masallı şəhər 6 saylı tam orta məktəbin direktor müavini Məshəti Alışova adı çəkilən məktəblərə direktor əvəzi vəzifələrinə təyin edilmişlər. Tariyel Əkbərov Vəli Ağayevi və Məshəti Alışovanı təbrik edərək, onlara uğurlar arzuladı və ümid etdiyini bildirdi ki, bu məktəblərdə aşkar edilmiş nöqsanlar tezliklə aradan qaldırılacaq, nəzarət, tədris və təlim-tərbiyənin keyfiyyəti yüksəldiləcəkdir.
Tariyel Əkbərov  məlumat verdi ki, daha bir məktəbdə araşdırmalar başa çatmış, iki məktəbdə isə monitorinqlər davam edir. Məktəblərdə aparılan monitorinqlər dərs ilinin sonunadək davam edəcəkdir.Tariyel Əkbərov  xüsusi ilə qeyd etdi ki,məktəblərdə neqativ hallara yol verilə bilməz, belə hallar baş verərsə, məktəb rəhbərləri ciddi cəzalandırılacaqdır. Tariyel Əkbərov  pandemiya qaydalarına ciddi riayət etməyi, şagirdlərin tibbi maskalardan istifadə etməsinə nəzarət etməyi məktəb direktorlarına tapşırdı. Tariyel Əkbərov  eyni zamanda sosial şəbəkələrdə fəallığı artırmağı tövsiyyə etdi.
Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov qeyd etdi ki, 29.04.2021-ci il tarixdən I siniflərə elektron qaydada şagirdlərin qəbulu başlayır. Rus bölməsinə qəbul olunmaq istəyənlər müsahibədən keçməlidirlər. I siniflərə qəbul sentyabr ayının 14-nə qədər davam edəcəkdir. Məktəbəhazırlıq qruplarına cəlb edilməyən uşaqlar da qeydiyyatdan keçməlidirlər. Valideynlərə kömək məqsədilə Masallı şəhər 1 və 3 nömrəli məktəblərdə, ”Dəfinə” məktəb-liseyində və Rayon Təhsil Şöbəsində 4 qeydiyyat mərkəzi yaradılmışdır.
Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov məlumat Verdi ki, Masallı şəhər 3 saylı tam orta məktəbdə keçirilən fənn müsabiqəsində 30 məktəbin  170 şagirdi iştirak etmişdir. Yaxın günlərdə II mərhələ keçiriləcəkdir.
İclasın sonunda iclas iştirakçılarının sualları cavablandırıldı.

Əlihüseyn ŞÜKÜROV