Tələbələr ATU-da pulsuz əməliyyat olundular

28 Aprel 2021 12:28 (UTC+04:00)

Hər il olduğu kimi bu il də aprelin 28-də Azərbaycan Tibb Universitetində məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib. Belə ki, ATU rektoru professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə universitetdə təhsil alan 8 tələbə pulsuz göz əməliyyatı olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq 8 tələbə Excimer lazer göz əməliyyatı olunub: “Onlar aztəminatlı ailənin övladlarıdır. Bu tələbələrin laborator müayinələrindən tutmuş bütün əməliyyat xərclərinə kimi lazım olan hər bir şey universitet rəhbərliyinin təşəbbüsü ilə ödənilib. Əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.

Aksiya 3 gün ərzində davam edəcək və bu müddətdə ümumilikdə 34 tələbənin əməliyyat olunacağı planlaşdırılır. Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da –milli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.