Hindistanda ötən gün COVID-19 virusuna 379 min yoluxma qeydə alınıb

29 Aprel 2021 11:25 (UTC+04:00)

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 379 min yoluxma, virus səbəbindən 3645 ölüm qeydə alınıb. Hindistan bununla dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Ardıcıl 8 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, ötən gün qeydə alınan ölüm sayı pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olub.

Qeyd edək ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 18 milyon 376 min yoluxma, 204 min 832 ölüm qeydə alınıb. Hazırda ölkədə 3 milyondan çox aktiv koronavirus xəstəsi var.

Mütəxəssislər son günlər Hindistanda COVID-19 infeksiyasına yoluxmaların sayının getdikcə artmasını virusun ikiqat mutasiyasının ölkədə sürətlə yayılması ilə bağlı olduğunu bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un Hindistanda aşkarlanan variantının (B.1.617) yoluxuculuq qabiliyyətinin daha yüksək və ölümcül olduğunu açıqlayıb. Bundan başqa, o, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.