Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yol təmir edilir

3 May 2021 17:59 (UTC+04:00)

AAYDA-nın mətbuat xidmətinin Movqe.az-a verdiyi məlumata görə, cari ildə Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7.1 km təşkil edən küçə və yolların əsaslı təmiri məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə isə 5.3 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulur. Bu istiqamətdə də yaxın müddət ərzində təmir-tikinti işlərinə start veriləcək.