İdeyanızı reallaşdırmaq üçün imkanlardan faydalanın

4 May 2021 12:40 (UTC+04:00)

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən “Yeni Nəsil 2.0” (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsinin birinci mərhələsi olan “Başla” mərhələsi yekunlaşıb.

“Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Layihə 5 mərhələdən -“Başla”, “Komandanı yarat”, “Sürət”, “Yüksəliş”, “Hədəfə çat” mərhələlərindən ibarətdir. Artıq layihəyə ilkin mərhələdə 3600-dən artıq gənc müraciət edib və müraciətlərin ümumi gender nisbətini 52,3% qadınlar, 47,7% kişilər təşkil edir.

Layihənin açılış mərasimi yanvarın 28-də baş tutub. 22 fevral –16 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında canlı və onlayn təqdimatlar keçirilib. Görüşlərin məqsədi layihə haqqında məlumatlılğın artırılması və layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması ilə yanaşı, gənclərin yaxından cəlb edilməsi olub.

Bu müddət ərzində 8 fərqli mövzuda 8 fərqli ekspertin çıxışı ilə silsilə onlayn vebinarlar keçirilib. Sözügedən vebinarlar “HoReCa”(Otel, restoran, kafe), “Sahibkarlıq düşüncə tərzi”, “Biznesimə necə başlayım?”, “Qadın sahibkarlığı”, “İnnovasiya”, “Kənd təsərrüfatı”, “Sosial sahibkarlıq, “İdeyamı necə tapım?” mövzularını əhatə edib. İnteraktiv formada keçən vebinarlar zamanı ekspertlər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Artıq layihənin ikinci mərhələsi olan “Komandanı Yarat” mərhələsi start götürüb. Burada iştirakçılar üçün biznes ideyalarını və komandalarını formalaşdırmaq məqsədilə müxtəlif vebinarlar, onlayn sessiyalar və netvörkinq məqsədilə görüşlər keçiriləcək. Həmçinin biznes ideyası olan komandalar da bu mərhələdən layihəyə qoşula biləcəklər.

“Komandanı yarat” mərhələsinə qoşulmaq və investisiya əldə edə bilmək üçün: https://cutt.ly/QvRvQUGLayihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir.

Növbəti mərhələlərdən xəbərdar olmaq üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.