Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq

5 May 2021 10:04 (UTC+04:00)

Avropa İttifaqının mayın sonlarında keçiriləcək sammitində Rusiyaya qarşı tədbirlərin bütün variantları müzakirə olunacaq. Virtualaz.org “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Fransa XİN yanında dövlət katibi Kleman Bon ölkə parlamentindəki çıxışı zamanı bəyan edib. O bildirib ki, sammitdə Fransa Rusiyaya qarşı sərt siyasət strategiyasını müdafiə edəcək.

XİN rəsmisindən əvvəl çıxış edən AŞPA məruzəçisi Jak Mer isə Rusiyanı Aleksey Navalnı işindəki bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün bütün hüquqi vasitələrdən istifadə olunmasına çağırıb. Məsələ ilə bağlı Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb. Fransa rəsmilərinin Rusiya barəsində səsləndirdikləri fikirlərin rəsmi Moskva tərəfindən narahatlıqla qarşılandığı diplomatın diqqətinə çatdırılıb.