Qarabağda da qeyd olunan “Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib

5 May 2021 17:43 (UTC+04:00)

“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir. Cəmiyyət Azərbaycan Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Mərkəzin yaradıldığı gün eyni zamanda təqvimə Azərbaycan xalçaçılarının peşə bayramı – “Xalçaçı günü” kimi düşüb. Dünyanın bir çox ölkələrində xalçaçılıq sənəti mövcud olsa da, ilk dəfə belə bir bayramın qeyd olunması məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən qiymətin bariz nümunəsidir.

Bu il “Xalçaçı günü”ndə “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular isə “Bazarstore” mağazalar şəbəkəsinin də dəstəyi ilə xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Movqe.az  AZƏRTAC-a istinadal bildirir ki, bu əlamətdar gündə 21 “Azərxalça” filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib.

Bu il “Xalçaçı günü”ndə gənclər də xalçaçılarımızı diqqətdən kənar qoymayıblar. “Regional İnkişaf” İctimai Birliyi və “Azərxalça” ASC birlikdə milli-mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, “Azərxalçaya səyahət” adlı birgə layihə həyata keçiriblər. 5 may tarixində RİİB könüllülərinin köməyi və təşkilatçılığı ilə 21 emalatxanaya müxtəlif saatlarda və qruplar şəklində 30 gəncin səyahəti təşkil olunub. Gənclər əl istehsalı xalçaçılıq sahəsində praktiki bacarıqlara yiyələnməklə yanaşı, kompozisiya, koloristika və dekorativ-tətbiqi sənətinin ilkin əsasları haqqında anlayışların formalaşmasına yönəlmiş məlumatlara da yiyələniblər. Əsas məqsəd gənclərin xalçaların toxunması, milli irs sənətinə marağını artırmaqdır.

Məlumat üçün bildirək ki, Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.

Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. Bu səbəbdən “Azərxalça” sədri Emin Məmmədov bu gün “Xalçaçı günü”nü Horadiz emalatxanasında xalçaçılarla birlikdə qeyd edib.

2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda “Azərxalça”da 1400 nəfərdən çox işçi çalışır.

Xatırladaq ki, “Azərxalça” ASC-nin əsas məqsədi ənənəvi xalq üsulu ilə xalça və xalıların istehsalı, ixracı, ölkə daxilində və xaricində satışlarının təşkili, xalçaçılıqda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın yaxşılaşdırılması və bu sahənin inkişafı ilə əlaqəli digər işlərin həyata keçirilməsidir.

“Azərxalça” ASC qarşıya qoyulan məqsədləri qət etməyin əsas yolunun öz sənətinin vurğunu olan xalçaçılardan keçdiyini bilir və hər zaman onları dəstəkləyir.

Bayramınız mübarək, əziz xalçaçılar!