Sergey Lavrov: Minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələ İrəvanda müzakirə olunub

11 May 2021 15:30 (UTC+04:00)

Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.

Nazir Sergey Lavrov deyib ki, bu məsələni İrəvanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etməyin vacib olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və tam həllini tapacaq.