Veteran cüdoçularımız Moskvada gümüş medal qazanıblar

16 May 2021 14:17 (UTC+04:00)

Polis, ordu və güc strukturlarını təmsil edən veteran cüdoçular arasında 15-ci beynəlxalq komanda turniri bu il mayın 15-də Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunub.

Movqe.az-ın məlumatına görə, yarışda Rusiyanın 6 təmsilçisi ilə yanaşı, Belarus, İspaniya, Yunanıstan, Monqolustan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstan və Azərbaycan komandaları mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Veteran Cüdoçular Assosiasiyasının dəstəyi ilə Moskvaya yollanan komandamız turnirdə məşqçi Vüsal Cəfərovun rəhbərliyi altında iştirak edib.

Vüqar Babayev (66 kq), Nadir Babayev (73 kq), Azər Fətullayev (81 kq), Ziya Namazov (90 kq) və Elxan Rəcəblidən (+90 kq) ibarət komandamız, püşkün nəticəsinə görə, ilk görüşü Ermənistan Daxili İşlər Nazirliyinin komandasına qarşı keçirib. Rəqiblərinə heç bir şans verməyən cüdoçularımız bu görüşdə 5:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

İkinci görüşdə Qırğızıstan komandası ilə qarşılaşan veteran cüdoçularımız bu dəfə də rəqiblərindən üstün olublar -5:0 Yarımfinalda komandamızın rəqibi Tacikistan komandası olub. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə komandamız Rusiya Daxili İşlər Nazirliyinin veteranlarına 3:2 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.

Turnirdə üçüncü yerləri isə Belarus və Rusiyanın Milli Qvardiya komandaları tutublar.

Yarışın qalibi və mükafatçıları diplom, medal və kubokla təltif olunublar.

Beynəlxalq turnirdə Azərbaycanın Olimpiya dərəcəli hakimi Fariz Hüseynov da ədalət təmsilçisi qismində görüşlərin idarə olunmasında iştirak edib.